“Qarabağ”ın qəhrəmanı Qurban Qurbanovla bağlı suala maraqlı cavab verdi

20 Fevral 20:00 Müsahibə 4 817
“Qarabağ”ın qəhrəmanı Qurban Qurbanovla bağlı suala maraqlı cavab verdi

“Qarabağ” Portuqaliya səfərində “Braqa”nı 4:2 hesabı ilə məğlub etməklə cavab qarşılaşması öncəsi böyük üstünlük qazandı.

“Munisipal”dakı görüşün əsas qəhrəmanı, monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç hava limanında Sportinfo.az-ın suallarını cavablandırıb.

- Bu, nəyin yorğunluğu, üzgünlüyüdür belə?

- Bir az yol yorğunluğu var. Üzgünlük sona yaxın penaltidən buraxdığımız ikinci qola görədir. Ümumi planda nəticəyə görə məmnun olduğumuzu deyə bilərəm. Bakıya 3 top fərqi ilə qayıtsaydıq, əla olardı. “Braqa” təhlükəli rəqibdir, heç bir halda diqqəti əldən verməməliyik. 2 top üstünlüyü xeyrimizədir, lakin məsələ həll olunmayıb.

- Bu oyunda möhtəşəm idin. Matçdan əvvəl xüsusi nəsə etmişdin?

- Bu cür rəqiblərə qarşı oyunlar bütün futbolçularda xüsusi motivasiya yaradır. Bəlkə də kimsə ehtiyat edə bilər, mənim üçün rəqibin adının fərqi yoxdur. Bu cür matçlarda kifayət qədər təcrübəm var və bu mənə əlavə üstünlük verir. Komandama fayda verdiyimə görə sevinirəm. Ancaq önəmli olan qazandığımız nəticədir.

- Xüsusi motivasiya özünüzü xarici klublara göstərməklə bağlı olur, yoxsa güclü rəqiblərlə görüşlərdə uğurlu nəticə qazanmaq üçün?

- Təbii ki, uğurlu nəticə qazanmaq üçün. Komandanın nəticələri yaxşı olanda, istər-istəməz dəvətlər də olur.

- Qələbəyə Qurban Qurbanovun reaksiyası necə oldu?

- Məncə, məmnun idi.

- Üz cizgilərində dəyişiklik hiss olunurdu?

- Həmişəki kimiydi. Hocanın xoşbəxt olub-olmadığını kənardan bilmək olmur ki (gülür). Mimika həmişə olduğu kimi qalır. Yəqin ki, cavab oyunundan sonra tam anlamaq mümkün olacaq.

- “Braqa”nı səfərdə məğlub edən komandanın üzvləri “Qəbələ”, “Kəpəz” kimi rəqiblərlə oyunlara necə köklənəcək?

- Yaxşı haldır ki, cavab görüşünə qədər çempionatda oynamayacağıq. Bugünlər ərzində yalnız “Braqa” ilə qarşılaşmaya köklənəcəyik. Ondan sonra problem olmayacaq. Qayda-qanun belədir, təqvimdə necə göstərilibsə, ona uyğun oynamalıyıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti