Zubir 2 sirrini “Sportinfo”ya açıqladı, “bunu bilmirdim” dedi

19 Fevral 20:40 Müsahibə 3 997
Zubir 2 sirrini “Sportinfo”ya açıqladı, “bunu bilmirdim” dedi

“Qarabağ”ın vingeri Abdullah Zubir Sportinfo.az-ın suallarını cavablandırıb.

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada keçirilən ilk matçda “Braqa”nın qapısına 2 qol vuran fransalı legioner əldə olunan 4:2 hesablı qələbədən və Reynaldonun rekordunu qırmasından danışıb.

- Yorğunluqla sevinc - ikisi bir arada cəmlənib deyəsən.

- Eynən (gülür). Yorğunluq da var, xoşbəxtlik də. Çox yaxşı performans sərgiləməklə layiqli qələbə qazandıq. Bu, hər şey demək deyil. Qarşıda bizi daha çətin cavab qarşılaşması gözləyir. Ciddi hazırlaşmalı, diqqətli olmalıyıq.

- Oyundan əvvəl kimsə sənə 2 qol vuracağını desəydi, cavabın necə olardı?

- Qeyri-adi heç nə etmədim. Sadəcə, özümü tam şəkildə oyuna kökləmişdim, “Qarabağ”a kömək etmək istəyirdim. Bu, tək mənim yox, komandanın əziyyətinin nəticəsidir. Çalışdıq, döyüşdük, yekunda istəyimizə çatdıq.

- “Braqa”nı bu hala salmaq üçün xüsusi nə etdiniz?

- Məşqçilər heyəti rəqibi təhlil edib tapşırıqlarını vermişdi. Biz də həmin tapşırıqları meydanda yerinə yetirdik. Qol imkanlarından maksimum yararlanmağımız da xoş hal oldu.

- Oyundan sonra “Braqa”lıların sizə münasibəti necəydi?

- Qeyri-adi heç nə etmədilər.

- Son dəqiqələrdə Nəriman Axundzadə 5-ci qolu vura bilməyəndə nə hislər keçirdin? Əsəbləşdin, yoxsa əksinə, ona dəstək verdin?

- Nəriman öz üzərində çalışan çox yaxşı futbolçudur. Hələ gəncdir, 19 yaşı var. O da qol vurmaq istəyirdi. Bəlkə də təcrübəsi çatmadı. Təbii ki, ona dəstək verdim. İnşallah, avrokuboklarda çox qollar vuracaq, buna əminəm.

- “Braqa” 2016-cı ildən bu yana avrokuboklarda doğma meydanda öz qapısından 4 top buraxmamışdı. Bunu nə “Real Madrid” bacarmışdı, nə “Mançester Yunayted”, nə “Arsenal”, nə də digərləri.

- Açığı, bunu bilmirdim. Maraqlı faktdır, indi sizdən eşidirəm. Bunu biz bacarmışıqsa, xoşbəxtəm. İstənilən halda arxayınlaşmamalıyıq. Bizi güclü rəqiblə daha bir oyun gözləyir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti