Qatarda "Qəbələ" söhbəti - "O günləri yada salıb kövrəlirəm"

18 Fevral 21:40 Müsahibə 883
Qatarda "Qəbələ" söhbəti - "O günləri yada salıb kövrəlirəm"

Peşəkar Futbol Liqasının layihəsi çərçivəsində növbəti bölgə səfərim Premyer Liqanın 22-ci turunun “Turan Tovuz” – “Qəbələ” matçına təsadüf etdi.

Tovuza bu dəfə də ötən səfərimdə razı qaldığım Bakı-Ağstafa sürət qatarı ilə yollandım.

Bakıya qayıdış üçün bilet aldığım 1 nömrəli vaqonun qonaqları arasında “Qəbələ” formasında bir nəfər də yer alırdı.

Təbii ki, düşüncəli və kefsiz halda. Axı fromasını əynində daşıdığı komanda Tovuz səfərindən məğlub geri qayıdırdı.

İlkin tanışlıqda aydın oldu ki, Toğrul adlı azarkeş artıq 12 ildi “Qəbələ”nin sadiq tərəfdarıdır. İqtisadiyyat Univeristetinin tələbəsi həm də “Red Black Army” azarkeş qrupunun üzvüdür. 20 yaşlı gənc ev-səfər, isti-soyuq demədən komandasının bütün matçlarını tribunadan izləyir, öz dəstəyini nümayiş etdirir.

Bəndəniz də ağır günün, uzun yolun yorğunluğuna baxmayaraq Toğrulla müsahibəyə qərar verdim.

Tarixinin ən pis günlərini yaşayan “Qəbələ”nin indiki halına bir də azarkeş gözü ilə baxaq deyə.

- Səfər oyunundan məğlub qayıtmaq necə hislərdir?

- Bunu sözlə ifadə etmək çox çətindir. Necə məyus olduğum ortada. Təəssüf ki, doğma komandamız pis nəticələr göstərməyə davam edir. İndiki “Qəbələ”ni izləmək çox ağırdır.

- Yəqin ki, azarkeşlərlə aranızda mövcud durumu müzakirə edirsiniz. Uğursuzluğun əsl səbəblərini nədə görürsünüz?

- Ötən mövsümün sonu aparıcı futbolçular komandanı tərk etdi. Gedənlərin yerinin doldurulacağını gözləsək də bu, baş vermədi. Təbii ki, bu da öz təsirini göstərdi. Mövsümə ağır məğlubiyyətlə başladıq. Ardınca gələn məğlubiyyətlər, xal itkiləri hələ də davam edir.

- Heyətin qorunub-saxlanmaması yalnız büdcə ilə bağlıydı, yoxsa rəhbərlik də ayrılıqlarda günahkardı?

- Əlbəttə, tam olaraq büdcəyə bağlamaq doğru deyil. Digər tərəfdən bu komanda aşağı büdcə ilə iki il ard-arda avrokuboklara gedə bildi. Ölkə kubokunu ikinci dəfə Qəbələyə gətirdilər.

- Yayda edilən transferlərdən hansının perfomansı sizi daha çox məyus edir?

- Fikrimcə, ən uğursuzu Osama Xalayladı. Qəbələ akademiyasında oyunçular var ki, bəlkə də Xalayladan qat-qat çox xeyir verə bilər.

- Belədirsə, həmin uşaqlara niyə şans tanınmır?

- Bu haqda heç bir fikrim yoxdur.

- Bir zamanlar Avropa Liqasında tarix yazan "Qəbələ" və indiki... Yəqin ki, indi daha çox o günləri yada salıb, xatırlayırsız...

- Əlbəttə. Belə pis günlərdə həmin oyunçuları, uğurları yada salıb kövrəlirəm. Həmin "Qəbələ"ni yaddan çıxarmaq olarmı heç?

- Həmin "Qəbələ"dən 3 hansı futbolçu bu gün komandada olsa, nəticələr daha yaxşı ola bilər?

- Dodo, Teo Viks və Filip Ozobiç.

- Deməli, Ozobiçin "Qarabağ" və "Neftçi"də oynamasına görə incik deyilsiniz...

- Qəti.

- Müsahibədən əvvəl Bakıda təhsil aldığını bildirdin. Tribuna fəaliyyətin təhsilinə mane olmur?

- Yox. Əksinə, komandanın oyunları olan gün mən istirahət edirəm.

- Gələcək karyeranda "Qəbələ" ilə bağlı planların varmı?

- Əlbəttə.

- Məsələn?

- Bir gün "Qəbələ"də çalışmağı çox istərdim. Əgər faydam dəyəcəksə, niyə də olmasın. Sevimli komandamın iddialı klub halına gəlməsinə xidmət etmək istərdim. Bunun üçün əlimdən gələnin artığını etməyə hazıram.

- Allah arzuna çatdırsın.

- Çox sağ olun.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti