Ölümdən dönən tanınmış futbolçu ilk dəfə “Sportinfo”ya danışdı!

16 Fevral 22:20 Müsahibə 1 097
Ölümdən dönən tanınmış futbolçu ilk dəfə “Sportinfo”ya danışdı!

"Səbail" Premyer Liqanın 22-ci turunu "Kəpəz" üzərində qələbə ilə (4:1) başa vurdu.

Qarşılaşmanı izləyənlər arasında Bayıl təmsilçisinin forvardı Ağabala Ramazanov da yer almışdı.

12-ci turda "Turan Tovuz"la matçda beyin silkələnməsi yaşayan hücumçu 3 aydan çoxdur yaşıl meydanlardan uzaq qalıb.

Ağabala ilə söhbətləşməyimizin əsas məğzi də məhz səhhəti ilə bağlı son durumu öyrənmək idi.

- İlk öncə komandanın yeni ildəki ilk qələbəsi barədə nələr deyə bilərsən?

- Çox vacib oyunlardan biri idi. Rəqib son dönəmlər yüksəlişdə olan komandadır. İlk yarıda göstərdikləri oyun da bunu sübut etdi. Çox çətinlik çəkdik. İkinci yarıda uşaqlar tamam fərqli oynadı və layiqli qələbə qazandılar.

- Hesab sənin üçün surpriz oldumu?

- Açığı, indiki "Kəpəz"ə qarşı surpriz oldu. Dediyim kimi, "Kəpəz" hazırda inkişafdadır. Amma "Səbail"in də potensialı böyükdür. 4 qol vurmağa layiq oyunçularımız var.

- Rəqibdən fərqli olaraq "Səbail" hazırda enişdədir. Bu qələbə ilə geri dönmək mümkün olacaq?

- Əlbəttə. Bu qələbəyə böyük ehtiyac vardı. İnanıram ki, davamı növbəti görüşlərdə də gələcək.

- Komanda yoldaşlarını kənardan izləmək necə hislərdir?

- Çox çətindir. Amma Allahın qədəridir. Bununla razılaşmalıyam. Bəlkə, bundan da pis ola bilərdi.

- İndi özünü necə hiss edirsən?

- Çox şükür yaxşıyam. Fərdi məşqlərə başlamışam. Amma hələ müəyyən zaman lazımdır.

- Həkimlər oynamağınla bağlı problem görmür?

- Səhhətimdə heç bir problem yoxdur. İnşallah, asta-asta özümə gələcəm. Zamana ehtiyac var.

- Sənin timsalında bir neçə əsas heyət üzvünün də sıradan çıxması ilə "Səbail" çətin duruma düşdü. Bəzən itirilən xallara görə özünüzü yoxluğunuza görə qınayırsınızmı?

- Futbolda 1-2 nəfərlə hər şey həll olunmur. Bəli, təsirləri olub. Amma bizim yerimizə yeni oyunçular gəlib. Özlərini doğrultmağa çalışırlar.

- Ağır zədə ilə üzləşdin. Belə günlərdə mənəvi dəstək daha çox lazım olur. Bu baxımdan dostlarından razı qaldın?

- Demək olar hər kəsdən dəstək hiss etdim. Gözləmədiyim adamlardan mənə zənglər gəldi. Ağlımdan keçirmədiyim insanlar yanıma gəldi. Heç kimə pisliyim dəyməyib deyə heç kimdən pislik görmədim.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti