ŞOK! Məşhur qapıçı aeroportda qaldı, “Qarabağ”ın məşqçisi 500 manatı cibindən ödədi

14 Fevral 20:00 Müsahibə 6 220
ŞOK! Məşhur qapıçı aeroportda qaldı, “Qarabağ”ın məşqçisi 500 manatı cibindən ödədi

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov AFFA-ya şikayət edib.

Sentyabr ayında ölkəmizə gələrək Birinci Liqa təmsilçisi “İrəvan”da qapıçılarla işləyən məşqçi kimi fəaliyyətə başlayan 58 yaşlı mütəxəssis müqavilədə göstərilən maaşı ala bilmir.

Çıxılmaz vəziyyətdə qalan Jidkov AFFA-ya müraciət edərək problemin həll olunmasını xahiş edib.

Aleksandr Vitalyeviç Sportinfo.az-a müsahibəsində başına gələn şok olaylarla bağlı danışıb.

- Hələ də Moskvadasınız, yoxsa Azərbaycana qayıtmısınız?

- Vəziyyətimi bilirsiniz. AFFA-ya şikayət məktubu ünvanlamışam, hələ ki xəbər yoxdur. Qərar qəbul olunsa, mənə məlumat verərlər. Moskvadayam, səhhətimin qayğısına qalıram, dişlərimi müalicə etdirirəm.

- “İrəvan”la müqavilənizin müddəti nə vaxta kimidir?

- 2025-ci ilin yayına qədər. Əməkhaqqım ödənilmədiyinə görə müqaviləni birtərəfli qaydada dondurmuşam.

- Sabah zəng vurub maaşın müəyyən hissəsini ödəmək istədiklərini bildirsələr, necə?

- Mənim istədiyim də budur. Demirəm ki, pulumun hamısını verin, yoxsa işləməyəcəyəm. Məbləğin hamısını verə bilmirlər, heç olmasa hərəkət etsinlər, hissə-hissə ödəsinlər. Mən də bilim ki, davam etməyə dəyər.

- Zənglərinizə cavab vermirlər, yoxsa müxtəlif bəhanələrlə yayınırlar?

- Yox-yox, danışırıq. Hər dəfə də problemlərin olduğunu deyirlər. Vəziyyəti başa düşürəm, mən də insanam. Ancaq hansısa üsulla yoluna qoymaq olar axı. Desinlər, hissə-hissə verəcəyik, qayıdım işimi görüm. Onu da demirlər. Pul mənasında tələbkar biri deyiləm, hamıya anlayışla yanaşıram. Ancaq maaşsız işləmək də olmur.

- Söhbət böyük məbləğdən gedir yəqin.

- Müqavilədə məxfilik var deyə, rəqəm açıqlamağım düzgün olmaz. Klubla mənim aramda olan məsələdir. Belə deyim, müqavilədə nəzərdə tutulan məbləğ Azərbaycan reallığı üçün heç də böyük deyil. Elə məbləğdir ki, yarım ilin ərzində hissə-hissə ödəyib qurtarmaq olar.

- Belə çıxır ki, “İrəvan”da çalışdığınız 4 ay ərzində maaş almamısınız.

- Xeyr.

- Sentyabrdan dekabra qədər 1 manat da ödəniş etməyiblər sizə?

- Azərbaycanda olduğum müddətdə heç nə almamışam. Artıq 5-ci aydır.

- Nazim Süleymanov nə deyir?

- Nazimlik heç nə yoxdur. Onun özü də mənim günümdədir. Demək olar hər gün danışırıq, bu gün də zəngləşmişik. Deyirəm, Nazim, sən bu komanda ilə mövsümü pulsuz-parasız ilk “3-lük”də başa vursan, məşqçilik bacarığın adına böyük bonus qazanacaqsan.

- Azərbaycanda işləməyə razılıq verdiyinizə görə indi başınızı iki əlinizlə tutursunuz, hə?

- Xeyr, qətiyyən! Futbolçu vaxtımda İsraildə oynayanda mənə sual verirdilər ki, onsuz da pul yoxdur, yığma komanda nəticə qazana bilmir, Azərbaycana niyə gedirsən? Deyirdim, yox, Bakıda mənə yaxşı yanaşırlar, futbolçu kimi yetişməyimdə Azərbaycandakı insanların rolu olub. Pul oldu-olmadı, həmişə millinin düşərgəsinə gedirdim, kömək etməyə çalışırdım. Etdiklərimə görə də qətiyyən peşman deyiləm. Bu gün də peşmanlığım yoxdur. Həyatdır da, nə edək? Həmişə hər şey bizim istədiyimiz kimi olmur. Bəzən dözmək də lazımdır.

- Siz təkcə görünüş olaraq yox, həm də ürək sahibi kimi böyük insan imişsiniz. Halal olsun!

- Təşəkkür edirəm. Amma bəzən utanırdım. Deyirdi, get filan restorana, orada sənə 200 manat verəcəklər. Yox bir... Məzələnirsiniz mənimlə? Yenə də “eybi yox” deyib keçirdim. Çünki dünyanın hər yerində bu problem var, hətta Rusiyanın özündə də. Sadəcə, həllinə çalışmaq lazımdır.

- Premyer Liqa klublarından iş təklifi edən olub?

- Eşitməmişəm, görməmişəm.

- Bəs, olsa?

- Niyə də yox?! Söhbət təkcə Premyer Liqa klublarından getmir axı. Aşağı yaş qruplarından ibarət milli komandalar var. Bildiyim etibarilə hazırda təyinatlar verilir. Böyük məmnuniyyətlə işləyərəm. Azərbaycanda iş yerləri çoxdur, fikrimcə, öz təcrübəmi bölüşə bilərəm. Mən hazıram.

- Azərbaycan pasportunuz var?

- Pasportu 1997-ci ildə təhvil verdik. İndi var, ya yox, açığı, bilmirəm. O vaxt var idi.

- Demək ki, “İrəvan”da xarici mütəxəssis kimi çalışırdınız.

- Təbii ki.

- Miqrasiya xidmətinə müraciət et, sabah hansısa problem olanda ortalıqda qal. Halbuki bu ölkənin milli komandasının şərəfini qorumusunuz.

- Miqrasiyadan ümumiyyətlə danışmayaq. Başıma oyunlar gəldi.

- Ciddisiniz? Nə baş vermişdi?

- İlk dönəmdə miqrasiya tələblərindən xəbərim yox idi. Heç kim mənim üçün heç nə etməmişdi. Mən də qaydalardan xəbərsiz idim. Bakıya gətdim, iki həftədən sonra adıma cərimə gəldi. Oktyabrda məşqçilik kursları üçün Rusiyaya uçanda gömrükdə 350 manat cərimə ödəməli olduğumu bildirdilər. Dekabrın 26-da fasiləyə görə evimə gələndə yenə cərimələdilər. Biabırçılıq!

- Cəriməni kim ödədi? “İrəvan” rəhbərliyi, yoxsa özünüz?

- Pulum yox idi. Gömrük Xidmətinin əməkdaşından soruşdum ki, pulum yoxdursa, cəriməni ödəyə bilmirəmsə, nə etməliyəm? Necə olacaq bunun sonu? Dedi, yola salacağıq, “stop” qoyulacaq, 2-3 il ərzində Azərbaycana giriş edə bilməyəcəksən. “Qarabağ”da işləyən dostum və həmkarım Elxan Həsənov sağ olsun, 500 manat verdi ki, cəriməni ödəyim, Azərbaycana qayıtmaqda problem yaranmasın.

- Söz tapa bilmirəm həqiqətən. İnanın, Azərbaycanda heç də hamı “İrəvan” rəsmiləri kimi laqeyd deyil. Jidkovun başına bu oyunları açanlar utanmalıdırlar.

- Ayıbdır, həqiqətən ayıbdır.

- Bakıya pul qazanmaq üçün gəlmişdiniz, nəticədə öz cibinizdən xərcləməli oldunuz.

- (gülür) Eynən. Klub rəhbərliyi adına ayıbdır. Başqa heç nə deyə bilmərəm.

- İlk gəldiyiniz günlərdə sonluğu bu cür hiss etmirdiniz? Futbolçular üsyan edəndə bilməliydiniz ən azından.

- Mən “İrəvan” rəhbərliyinin yox, Nazimin yanına getmişdim axı. Nazim yazıq belə olacağını hardan bilərdi? Onu da inandırmışdılar. Allah hamımızın köməyi olsun. Yaxşı olacağına ümid edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!