Kamran Quliyev "Neftçi"dən istefasından sonra ilk dəfə "Sportinfo"ya danışdı

6 Fevral 19:40 Müsahibə 1 396
Kamran Quliyev "Neftçi"dən istefasından sonra ilk dəfə "Sportinfo"ya danışdı

Kamran Quliyevin “Neftçi”nin prezidenti postundan ayrılmasından 7 ay keçir.

Amma arxada qalan bu müddətdə onun mətbuata bir açıqlaması belə yoxdur.

Kölgəyə çəkilmiş sabiq rəhbəri Premyer Liqanın 21-ci turunun “Sumqayıt” – “Neftçi” matçından sonra görüncə danışmaq qərarına gəldik.

İki sabiq klubunun qarşılaşmasını izləmək üçün Sumqayıta təşrif buyuran Kamran bəy öncə "Mən nə danışım axı?" - deməklə müsahibədən növbəti dəfə yayınmaq istədi.

Müəyyən isrardan sonra “Heç olmasa, istifadəyə verilən yeni arena ilə bağlı fikirlərinizi bizimlə bölüşə bilərsinizmi” sualına cavab verməyə razılaşdı. Yalnız bu kiçik manevrdən sonra müsahibəyə də keçid etməyə macal tapa bildik.

- Stadion dəhşət bir şeydir. Çox bəyəndim. Bu stadionun açılışına çox sevindim. Möhtəşəm azarkeş, möhtəşəm oyun. Nəticə vacib deyildi. Əsas stadionu görmək idi. Təkcə Sumqayıt şəhəri yox, Azərbaycan futbolu qazandı.

- Sırf arenanın açılışı üçün burdaydınız?

- Bəli, konkret açılışa görə gəlmişdim.

- Sizin üçün iki sabiq komandanızın üz-üzə gəlməsi maraqlı deyildi?

- Bəli, hər iki komandada işləmişəm. Hər birinin ürəyimdə yeri var.

- “Sumqayıt”ın qələbəsi ürəyinizcə oldu?

- Kiməsə tərəfkeşlik etmədim. Əsas odur stadion azarkeşlərin üzünə açıldı. Sumqayıtlılar bu stadionu haqq edirlər. Mənim üçün oyun önəmli deyildi. Önəmlisi o idi ki, ağzına kimi dolu stadionda uşaqdan ağsaqqala kimi hər kəs vardı. Qazilərimizi, idman ictimaiyyətinin tanınan simalarını gördüm. Ən vacibi şəhərin sakinləri burda idi. 6 ildən çox burada işləmişəm. Bu şəhər qələbələri haqq edir.

- Bəs “Neftçi”nin məğlubiyyəti?

- Hər iki komandaya da mövsümü uğurla bitirməyi arzu edirəm. "Neftçi" bizi Konfrans Liqasında çıxış etməyə alışdırıb. "Sumqayıt" da son illər avrokuboklara gedə bilir. İnanıram ki, ikisi də bizi Avropada layiqincə təmsil edəcəklər.

- Əksəriyyət sizin gedişinizlə problemlərin düzələcəyini zənn edirdi. Amma indi qarşımızda daha pis durumda olan “Neftçi” var. Bu komandanın problemi nədir?

- "Neftçi"nin problemi yoxdur.

- Amma hazırda 3-cü pillədə qərarlaşır. Komanda 7-ci pillədən cəmi beş xal öndə, lider “Qarabağ”dan isə 18 xal geridədir…

- "Neftçi" yenidən qurulur. İnanıram ki, bu yolun sonu yaxşı olacaq. Kollektiv yenidir. İcraçı direktor idmandan gələn adamdır. İşinin uğurlu olacağını gözləyirəm. Müşahidə Şurasında çox ciddi adamlar var. "Neftçi"nin uğurları çox uzaqda deyil. Yaxın illərdə bunu hamımız görəcəyik. "Neftçi" üçün çox gözəl şərait yaradılıb. Mən buna çox sevinirəm. Nə isə alınmaya bilər. Hər kəs çempion ola bilməz. Hər məqsədə çatmaq da mümkün deyil. Amma işlər görülür. Azdan-çoxdan xəbərim var. Bəzi mənbələrdən məlumatlar alıram. Yaxşı olacağına inanmaq istəyirəm.

- Son illərin ən böyük büdcəsi indiki "Neftçi"dədir. İndiki büdcə sizin dönəminizdə olsaydı, bir yox, bir neçə çempionluq qazana bilərdiz?

- Onu Allah bilər. Büdcə yaxşı şeydir. Amma hər şey demək deyil. Büdcə sadəcə səviyyəli yeni futbolçular gətirə bilir.

- İndiki “Neftçi” həmin səviyyəli futbolçuları gətirə bilib?

- Yayda və qışda edilən transferlərin hamısını demirəm, ancaq 1-2 nəfəri fərqləndirmək olar. Ad çəkməyəcəm. Lakin "Neftçi"nin uğurları üçün həmin futbolçular faydalı ola bilər. Bu, mənim subyektiv fikrimdir.

- "Neftçi" də işləyən hər kəs çox böyük təzyiq altında olur.

- "Neftçi" ən çətin yerdi.

- Sizə qarşı olan tənqidlər həmin çətinliyin nəticəsi idi, yoxsa başqa qüvvələr də vardı?

- Qardaş, tənqidi edən azarkeşdir. Azarkeş nə istəyir? Qələbə. Qələbə olanda tənqid olmur, əksi olanda tənqid edirlər. Onlarla gözəl münasibətimiz vardı. Baxmayaraq ki, tənqid edirdilər. Bu, normal bir şeydir. Kollektiv işlərdə olmalıdır.

- Siz həm də əsas günahkar gözündə təqdim olunurduz...

- Günahkar kim olmalıydı? Azarkeşlər nə tənqid ediblərsə haqlıdırlar. Zatən onların işi budur. Hər zaman tənqid etməli, təzyiqdə saxlamalıdırlar. Burada heç bir qeyri-adilik yoxdur. Bu gün məni tənqid edəcəklər, sabah da Fərrux bəyi (klubun hazırkı baş icraçı-direktoru) tənqid edə bilərlər. Bu normal bir şeydir. Səbrli olmaq lazımdır. "Neftçi"də işləmək, komandanı irəli aparmaq hər adamın işi deyil. Və kim işləyirsə bu çətinliklə barışmalıdır. "Neftçi" ölkənin ən böyük klubudur.

- Çempion olduğunuz gecəni tez-tez xatırlayırsız?

- Bəli, 19 mayı gecə səhərə qədər bir yerdə qeyd etdik. Gözəl ab-hava var idi. O günləri Allah bizə qismət etdi. Hər zaman da xoş xatirələr kimi yada salıram.

- Bəs "Neftçi" ilə bağlı unutmadığınız və sizi hələ də məyus edən hansısa qərarınız olub?

- O qədər olub ki. Hətta o qədər atmadığım addımlar da olub. Bu gün də yadıma salıb məyus oluram.

- Məsələn...

- Çempion olduğumuz heyəti qorumalı idik.

- Buna nə mane oldu?

- Çox çətin idi. Hər kəs bilir ki, futbolçu karyerası çox qısadır. Bu qısa müddətdə daha üst liqalarda oynamaq üçün əllərindən gələni edirlər. Ona görə də Sabir Buqrin, Mamadu Kane kimi əsas fiqurlar bizdən ayrıldı. Məncə, həmin futbolçuları saxlayıb və 3-4 futbolçu da alsaydıq növbəti illər daha uğurlu mövsümlər keçirə bilərdik. Lakin bu futboldur. Ölkənin hazırkı lideri "Qarabağ"dır. Onun da futbolçuları satılır.

- Həmin futbolçuların gedişi "Neftçi"yə yaxşı pul qazandırdı. Satılmalarında özünüz də maraqlı idiz, yoxsa qarşısını almaq mümkün deyildi?

- Saxlamaq mümkün deyildi. Çempion olduğumuz mövsümün sonu artıq həmin futbolçular gedirdi. Yəni o qədər təkliflər vardı. Biz Sabiri müqaviləsi ola-ola çətinliklə saxladıq. Belçikanın super liqa klubuna gedirdi. Kaneyə isə çempionata gedə-gedə nə qədər təkliflər vardı. Emin Mahmudova çox təkliflər gəlirdi. Çox çətin idi.

- Amma digərlərindən fərqli olaraq Emin Mahmudovu saxlamağı bacardınız...

- Bizim ən böyük nailiyyətlərimizdən biri o idi ki, Emin Mahmudovu qoruyub-saxlaya bildik. Bunu etmək elə də asan deyildi. Məncə, o, ölkənin bir nömrəli futbolçusudur.

- Yeni rəhbərliyin çempion prezidentlə hər hansı müzakirəsi olub?

- Yox. Ehtiyac yoxdur. Düşünürəm ki, kiməsə məsləhət görmək səhv addımdır. Çünki baxışlar fərqli ola bilər. İndiki komandada mənim də tanıdığım insanlar var. Peşəkar adamlardı. Onlar gec-tez uğura imza atacaqlar.

- Bu gün Samir Abasovla görüşə bildiz?

- Xeyr, görüşə bilmədim.

- Münasibətlər hələ də qaydasında deyil?

- Münasibətlərimiz normaldır. Mənim insanlarla münasibətim hər zaman sabitdir. İş olan yerdə suallar, mübahisələrə də ola bilər. O gün yazmışdılar ki, Ceyhun Sultanovla barışmışam. Axı mən onunla heç küsülü olmamışam axı.

- Amma arada narazılıq olmuşdu axı...

- Xeyr. Bu gün də açıq deyirəm ki, Ceyhun Sultanov "Neftçi"yə gətirdiyim ən uğurlu kadrlardan biri idi.

- Bəs niyə yola saldınız?

- Özü gedib. Vallah getməyi özü istəmişdi.

- Saxlamağa cəhd etmişdiniz?

- Həm də çox cəhd etmişdim. Hər zaman demişəm ki, çempion olan həmin heyəti bir yerə yığan Ceyhun Sultanov və Füzuli Məmmədov idi. Amma heyəti "bişirən" və potensialını açan Samir Abasov oldu.

- Yenidən aktiv futbol həyatına qayıtmağı düşünürsüz?

- Onu deyə bilmərəm. Hazırda çox rahat həyat tərzi yaşayıram. Sabah necə olacağını Allah bilər.

- Futbol üçün darıxmırsız?

- Çox.

- Bəs "Neftçi" üçün?

- "Neftçi" demirəm ki, "ağır narkotik"dir. Amma bu komanda karyeranda bir dəfə olur. Allahın izni ilə həmin bir dəfə də uğur qazana bildik. Bir çox işlər həyata keçirdik. Bu gün "Neftçi TV" var, Neftçi Futbol Məktəbi var. Akademiyamızdan nə qədər uşaq üzə çıxdı. Bunlar hamısı elə-belədən olmayıb.

- "Neftçi" ilə bağlı "kaş filan şeyi də edərdim" dediyiniz nə qalıb?

- Kaş akademiya binasını tam təmir edə bilərdik. Ora çox vacibdir. Məsləhət olaraq demirəm, amma çox yaxın müddətdə yekunlaşdıra bilsəydilər yaxşı olardı. Korpus hazırdır, yekunlaşdırmaq qalır. Yeni rəhbərlik nə zaman uyğun bilsə, onda da edər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti