“Neftçi”nin əcnəbi futbolçusu 2 hadisəyə üzüldü, bizdən gizlətmədi

1 Fevral 20:40 Müsahibə 622
“Neftçi”nin əcnəbi futbolçusu 2 hadisəyə üzüldü, bizdən gizlətmədi

“Neftçi” Miodraq Bojoviçin rəhbərliyi altında ilk qələbəsini qazandı.

“Ağ-qaralar” doğma meydanda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə ikinci pilləyə yüksəldi.

Komandanın əsas simalarından olan macarıstanlı müdafiəçi Mark Tamaş Sportinfo.az-a müsahibə verib.

- 60-cı dəqiqəyə - “Qəbələ” azlıqda qalana qədər oyunun yekun nəticəsini necə təsəvvür edirdin?

- Birinci hissədə düşündüklərimizi tam yerinə yetirə bilmirdik. Xüsusən hücum planında nəsə çatmırdı sanki. Rəqib isə əks-hücumlar zamanı təhlükə yaratmağa çalışırdı. İkinci hissədə pemaltidən hesabı açmaqla üstünlüyü tam ələ aldıq. Açığı, ilk dəqiqələrdən qələbə qazanacağımıza inanırdım. Bu fikir sona qədər dəyişməz qaldı. Qələbə qazansaq da, tam razı deyiləm.

- Niyə?

- Azlıqda qalan rəqibimizin qapımıza yol tapması xoş olmadı. Hesab 2:1 oldu və içi özüm qarışıq komandada müəyyən gərginlik yarandı. Sonluq başqa cür də ola bilərdi. Yaxşı ki, 3-cü qolu vurmaqla istəyimizə çatdıq.

- Rəqibin azlıqda qalmasının, “Neftçi”nin penalti qazanmasının səbəbkarı oldun. Həmin an nə baş verdi?

- Çox pis hadisə oldu (gülür). “Neftçi”də qol hesabımı açmaq istəyirdim və bunun üçün əla imkan yaranmışdı. Təəssüf ki, rəqib futbolçu futbolkamdan tutub dartdı, ayağım topa bir neçə santimetr çatmadı. Dərhal hakimə yaxınlaşıb VAR-a baxmasını xahiş etdim.

- Sənin qazandığını Emin Mahmudov “yedi”.

- Belə deməzdim. Qolu kimin vurmasının ciddi fərqi yoxdur. Təki qol vuraq, qalib gələk. Demək istədiyim budur ki, həmin epizodda məni dartmasaydı, qol hesabımı açacaqdım.

- Hakimin final fitindən sonra futbolçulardan heç kim azarkeşlərə tərəf getmədi. Nə baş verir?

- İşlərin niyə bu səviyyəyə gəlib çıxdığını deyə bilmərəm. Ümid edirəm ki, ən qısa zamanda həll olunacaq. Biz ilk növbədə azarkeşləri sevindirməkdə davam etməliyik. Bunu bacarsaq, hər şey yoluna düşəcək. Yenə əvvəlki kimi, qələbəni fanatlarımızla birlikdə qeyd edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti