“Uduzdurulduq! O, mənə dedi ki...” – Kapitan “od püskürdü”

29 Yanvar 21:20 Müsahibə 697
“Uduzdurulduq! O, mənə dedi ki...” – Kapitan “od püskürdü”

“Zirə” – “Sabah” oyunundan sonra meydan sahiblərinin futbolçularının üzgünlüyü anlaşılan idi.

İkinci hissəni bir nəfər çoxluqda oynamalarına rəğmən son saniyələrdə “Zirə”lilərin əhvalına “soğan doğramışdı”.

Komandanın kapitanı Qismət Alıyev Sportinfo.az-a verdiyi müsahibədə həm yenilgiylə bağlı danışdı, həm də hakimliklə bağlı fikirlərini səsləndirdi.

- Siz uduzdunuz, yoxsa hakimlər uduzdurdu?

- Mənim nəsə deməyimə gərək yoxdur. Oyuna baxan hər kəs gördü ki, uduzdurulduq. Hakimlərlə bağlı danışmağı xoşlamıram. İnsandır, səhv edə bilər. Amma iki oyun ard-arda edilən səhvlər qəbulolunmazdır. “Səbail”lə matçda açıq-aşkar penaltimiz verilməmişdi, bu gün də belə.

- Verilməyən künc zərbəsinə görə narazısınız, hə?

- Əlbəttə. Künc zərbələrini mən yerinə yetirirəm. Həmin anda epizoda yaxın idim. Hamı gördü ki, topu Amin Seydiyev meydandan çıxardı. Hakim korner əvəzinə qapıdan zərbə göstərdi, epizodun davamı penalti oldu. Mən də rahat-rahat dayanıb gözləyirəm ki, top Amindən çıxıb deyə yenə künc zərbəsini yerinə yetirəcəm.

- Amindən soruşdun? Nə dedi?

- Soruşdum. Dedi, topu məndən çıxmışdı, gedib hakimə deyim ki, top məndən çıxıb? Oyundan sonra danışdıq, etiraf etdi.

- Aminin yerində sən olsaydın, oyun vaxtı etiraf edərdin? Amma səmimi de.

- Biz o anda hakimə etiraz edirdik. Ağlımıza gəlməzdi ki, Nicat Mehbalıyev topu irəli vurar. Üstəlik, vaxt da başa çatmışdı. Künc zərbəmizi vermir verməsin, bəs, oyunu niyə davam etdirdi?

- İkinci hissəni bir nəfər çoxluqda oynasanız da, qol vura bilmədiniz. Bunu da demək lazımdır.

- Mən 3 xalın davasını etmirəm ki. Nə də qələbəyə layiq olduğumuzu iddia etmirəm. Faktiki vaxt qurtarıb, hesab 0:0-dır, hakim künc zərbəmizi vermir, rəqibin xeyrinə penalti təyin edir və 1 xalımız əlimizdən alınır. Hələ mən ilk hissədə vurduğumuz qolu danışmıram. Sizcə, orada oyundankənar vəziyyət var idi? Təkrara baxdım, orada ofsayddan söhbət gedə bilməz. Bunlar hansı xətlə baxdılar, nəylə müəyyən etdilər?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!