"Büdcə imkan vermir ki..."

28 Yanvar 22:30 Müsahibə 561
"Büdcə imkan vermir ki..."

"Qəbələ-2"nin baş məşqçisi Famil Xəlilov Sportinfo.az-a müsahibə verib.

Gənc mütəxəssis əvəzedici komandanın bu mövsümkü çıxışı və gələcək planlarından söz açıb.

- Əvəzedici çempionatda 2 dövrə arxada qalıb. Komandanızın çıxışını necə dəyərləndirirsiz?

- Nəticə baxımından komanda kifayət qədər uğurlu təsir bağışlayır. Əsas hədəfimizin 50%-nə çatmışıq. Bu da bir dövrə üçün gözəl göstəricidir. Şahin Şahniyarov, Sənan Ağalarov, Həbib Hüşanov, Eşqin Əhmədov artıq əsas komandaya cəlb olunub.

- Liderdən 7 xal geri qalırsınız. Məqsəd çempion olmaqdır, yoxsa əsas niyyət yerli futbolçuların üzə çıxması?

- Təbii ki, çempion olmaq üçün də potensialımız var. Komandam lider olmağa layiqdir. Sadəcə bəzən ideal heyətlə oynamaq qismət olmayıb. Məsələn, "Neftçi" ilə oyunların heç birində bu baş verməyib. Buna avrokuboklardakı və millilərdəki zədələr səbəb olub. Buna baxmayaraq komandamız "Neftçi"ni üstələyəcək gücdədir. Amma nə bu il, nə də əvvəlki illər qarşımıza çempionluq hədəfi qoyulmayıb. Əgər çempion olub, əsas komandaya futboçu verə bilməsək deməli yaxşı işləməmişik.

- Son turlar əvəzedici heyətdə görməyə alışdığımız Nicat Əliyevi artıq əsas komandanın matçlarında görürük. Çıxışı sizi qane edir?

- Nicat uzun illərdir akademiyamızın üzvüdür. Hər zaman potensialına inanmışıq. Sadəcə hər şeyin zamanı var. Bir az bərkiməli idi. Son turlarda özünü doğrultmağa başlayıb. Bundan da yaxşı olacağına şübhə etmirəm. Çünki hələ uşaq vaxtlarından yaxşı futbolçu ola biləcəyini göstərən istedadı ilə seçilirdi. Ən önəmlisi ideal futbolçu xarakteridir.

- Maraqlıdır, Nicat oynaması sırf Elmar Baxşıyevin seçimidir, yoxsa sizin tövsiyəniz?

- Davamlı olaraq Elmar müəllim və digər məşqçilərlə bu mövzuda müzakirələrimiz olur. Mövsüm boyu oyunlarımızı izləyirlər. Davamlı futbolçular haqqında bilgilər alırlar.

- Nicatın ardınca başqa kimləri tezliklə Premyer Liqada görə bilərik?

- Mehrac Baxşalı da yavaş-yavaş oynamağa başlayır. Yaxın zamanda Şahin Şahniyarov, Eşqin Əhmədov, Sənan Ağalarov tezliklə böyük futbola addım atası uşaqlardı. Beynəlxalq səviyyəli oyunlarda da göstərdilər ki, həmin potensialları var.

- Yetirmələrinizə digər klublarımızdan da maraq olurmu?

- Klubumuzun iş prinsiplərindən biri hər zaman "Qəbələ"də şans qazana bilməyən gənclərin önünü açıb, digər klublarda oynamasına şərait yaratmaqdır. Rəhbərlik uyğun gördüyü uşaqları uyğun şərtlərlə digər klublarımıza göndəririk.

- Büdcənin azalması əsas komandaya ciddi təsir etdi. Əvəzedici komandada durum necədir?

- Pandemiya zamanı ümumi durum bizə də təsir etmişdi. Lakin sonrakı dövrdə hər şeyin qaydasında olduğunu deyə bilərəm. Akademiyanın xərcləri tam əvvəlki kimi olmasa da hardasa 80%-i qədər qarşlanır.

- Akademiyanın komandaları əvvəlki illərdə tez-tez ölkə xaricinə yollanırdı. Lakin maliyyə problemləri başlayandan bunu görmürük. Beynəlxalq oyunların olmaması uşaqların inkişafına nə kimi təsir edir?

- Birmənalı şəkildə deyə bilərəm ki, uşaqların inkişafı üçün beynəlxalq oyun təcrübəsi böyük təkan olur. Büdcə əvvəlki illərdəki səfərlərə imkan vermir. Üzə çıxan, yetişən yetirmələrimizin inkişafında bir nömrəli səbəb də məhz həmin turnirlər idi.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!