Yoldaşının müdafiəsinə qalxdı, günahı özlərində gördü

24 Yanvar 21:20 Müsahibə 381
Yoldaşının müdafiəsinə qalxdı, günahı özlərində gördü

“Turan Tovuz”un legioneri Emmanuel Hakman Sportinfo.az-a müsahibə verib.

Toqo millisinin müdafiəçisi “Kəpəz”ə 1:2 hesabıyla məğlub olduqları qarşılaşma haqda sualları cavablandırıb.

-Matçla bağlı fikirlərini eşitmək maraqlıdır. Niyə məğlub oldunuz?

- Maraqlı və sürpriz oyun oldu. Oyun başlayan kimi hesabı açmaqla böyük üstünlük qazansaq da, 10-cu dəqiqə azlıqda qaldıq. “Qırmızı”dan sonra hücum etmək çətinləşmişdi. Bacardığımız qədər müdafiənin qayğısına qalmağa çalışırdıq. Lakin rəqib dayanmadan hücum edincə, buraxdığımız səhvlər qollarla nəticələndi.

- Faiq Hacıyevin komandanı çətin durumda qoymasına əsəbləşdin?

- Xeyr-xeyr, qətiyyən! O hadisə mənim, yaxud başqa futbolçunun da başına gələ bilərdi. Faiq onu qəsdən etmədi, əksinə, komandamıza kömək etmək istəyirdi. Futbolda bu cür hallar çox olur, normal yanaşmalıyıq.

- Razısan ki, vəziyyətin bu cür alınmasına “Turan Tovuz”un azlıqda qalması səbəb oldu.

- Mən belə düşünmürəm. O qədər komanda görmüşəm ki, 10 nəfərlə qalib gəlməyi bacarıblar. Biz də bunun üçün çalışdıq. Əslində, hesabı açmışdıq və əlimizdə əla imkan var idi. Dediyim kimi, öz səhvlərimizin ucbatından uduzduq.

- Bu oyunda planlaşdırdığınız nələri meydanda həyata keçirə bilmədiniz?

- Çox şeyi. Oyun üçün tapşırıqlar 11 nəfərə görə verilmişdi. Yəni, kim hansı anda nə edəcəyini bilirdi. Amma azlıqda qalandan sonra sistem istər-istəməz dəyişir, meydanda çatışmazlıq hiss olunur. Belə deyim, bir nəfərin yeri boş qalır, kimsə həmin boşluğu doldurmağa çalışır və bu dəfə başqa boşluq yaranır. 1:0-dan sonra “qırmızı” olmasaydı, bəlkə də qələbə qazanardıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti