Azərbaycanlı futbolçuların Türkiyəyə axınının arxasında dayanan 3 SƏBƏB

21 Yanvar 21:40 Müsahibə 914
Azərbaycanlı futbolçuların Türkiyəyə axınının arxasında dayanan 3 SƏBƏB

Yaydan bu yana azərbaycanlı futbolçuların Türkiyəyə axını işıq sürəti ilə davam etməkdədir.

Qış fasiləsinə qədər bizimkilərin Super Liqa və Birinci Liqadakı sayı 4 idisə, yeni ildən say 7-yə yüksəldi.

Yüksək dəstədəki Şahruddin Məhəmmədəliyev, Renat Dadaşov, aşağı liqadakı Coşqun Diniyev, Bəxtiyar Həsənalızadəyə Vüsal İsgəndərli, Sərtan Taşkın və Ramil Şeydayev qoşuldu.

"Boluspor"la 1,5 illik müqavilə imzalayan Vüsal İsgəndərli deyib ki, yeni komandasıyla Superliqaya vəsiqə qazanmaq istəyir.

28 yaşlı vinger bunu qarşısına hədəf kimi qoyduğunu bildirib: "Oyunçuların, rəhbərliyin də məqsədi ən azı elitaya vəsiqə uğrunda pley-off oynamaq və Superliqaya yüksəlməkdir.

Yaxşı kollektivimiz və məşqçimiz var. Düşünürəm ki, buna da nail ola bilərik. Üzərimdə işləməli və əlimdən gələni etməliyəm. Ölkəmi Türkiyədə də yaxşı təmsil etmək istəyirəm".

Daha əvvəl bu ölkədə “Keçiörəngücü”nün də formasını geyinmiş İsgəndərli çempionatın ona yad olmadığını vurğulayıb:

"İlk təcrübəmdə normal və uğursuz çıxış etdiyimi düşünənlər də var. Amma məncə, uğursuz deyildi.

22 matçda 4 qolla yadda qalmışdım, daha yaxşısını edə bilərdim. Bu, ilk dəfə ölkə xaricinə çıxışım idi. İndi komandaya daha çox xeyir vermək niyyətindəyəm".

O, Albaniyanın "Eqnatiya" klubundan "Boluspor"a keçidi barədə də danışıb:

"Əslində, uzun period oldu. "Eqnatiya"nın "Partizani" ilə matçını izləmişdilər və orada danışıq gerçəkləşdi. Albaniya klubu ilk olaraq məni buraxmaq istəmirdi, amma öz fikrimi onlara bildirdim.

Bəzi şeylər var, onları deyəndə hər kəs bəhanə kimi hiss edir. Amma elə deyil. Əvvəlki klubumda hər matçda meydana çıxırdım, ən çox qol vuran da mən idim.

Maaş və maddi sıxıntı olmasa da, problemlər var idi. Ən böyük məsələ dil problemi idi. Hər kəs haqqımda başqa şeylər də yazdı, amma bu, düzgün deyil.

Allahın köməyi ilə burada da əlimdən gələni edib, qollar vurmağa davam etmək niyyətindəyəm. Rumıniya klubundan da təklif almışdım. Milli komandaya çağırılmaq üçün daim oynamaq istəyirəm".

“Turan Tovuz”un futbolçusu Sərtan Taşkın “Manisa”ya keçib. 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vuran Azərbaycan millisinin üzvü TFF I Liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb:

“Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacam”.

Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb. 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisi ilə uğurlu mövsüm keçirmək istədiyini bildirib:

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm.

Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır.

Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

“Pəncərə”nin bağlanmadığını nəzərə alsaq, sayın artması ehtimalı yox deyil.

İndi əksəriyyəti maraqlandıran əsas sual millimizin sabiq və hazırkı üzvlərinin qardaş ölkəyə köklü axınının arxasında hansı səbəblərin dayanmasıdır ki, bu mövzudan söz açacağıq.

*Tükiyə Futbol Federasiyası 2023-2024 mövsümünün startından, yəni, yaydan türkdilli ölkələrin futbolçuları üçün legioner statusunu ləğv edib. Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi ölkələrin vətəndaşlığını daşıyan oyunçular Türkiyədə legioner statusu ilə oynamır.

Məsələn, Super Liqanı hədəfləyən “Kocaelispor” üçün Ramil Şeydayev kimi təcrübəli milli üzvü göydəndüşmə hesab olunur. Ramilin statistik göstəricilərinə sahib hansısa legioner türklərdən azı iki dəfə çox maaş tələb edərdi.

*Qardaş ölkədə məşqçi və futbolçulara təklif olunan pullardan az-çox xəbərdarsınız. Dünya ulduzları yaxşı qazanmaq üçün bura gəlirsə, azərbaycanlı futbolçuların şəxsi büdcələrini zənginləşdirmək barədə düşünmələri anlaşılandır.

Bəxtiyar, Coşqun, Vüsal, Sərtan Azərbaycanda ayda nə qədər qazana bilər? Deyək ki, adından asılı olaraq 4-7 min dollar aralığında. Ancaq Türkiyədə təklif olunan əməkhaqqı təxminən iki dəfə çoxdur.

*Legioner həyatı yaşamaqdan söz düşəndə, hər bir azərbaycanlının ağlına ilk gələn ad Türkiyə Super Liqasıdır. Göz önündə olmaq, dil və mentalitet baryerlərindən azad olmaq, ulduzlara qarşı oynamaq və təbii ki, yaxşı qazanmaq.

Yəni, Super Liqa bizimkilər üçün arzulanan və əlçatandır. CV-si imkan verənlər ora birbaşa gedir, digərləri isə Birinci Liqadan tramplin kimi yararlanmağa çalışır. Ki, 1-2 il oynayım, bəlkə hansısa agentin və ya məşqçinin diqqətini çəkərəm.

Heç şübhəsiz, bütün bunların arxasında Türkiyə ilə Azərbaycanın az qala eyni ölkə sayılması, bizimkilərin özlərini burada evdəki kimi hiss etməsi dayanır.

Ümid edək ki, ümidləri doğrultmaqla digər azərbaycanlılar üçün çığıraçan rolunu oynayacaqlar.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti