Bojoviç konkret vaxt söylədi, “narahatam” dedi – Antalyadan MÜSAHİBƏ

14 Yanvar 18:35 Müsahibə 1 441
Bojoviç konkret vaxt söylədi, “narahatam” dedi – Antalyadan MÜSAHİBƏ

Miodraq Bojoviç “Ərzurumspor”la oyundan sonra Antalyada azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə hazırkı “Neftçi” barədə ətraflı danışa bilməmişdi.

Səbəb kimi komanda ilə 3 gündür tanış olduğunu deyib, zamana ehtiyac duyduğunu bildirmişdi.

Bu dəfə monteneqrolu çalışdırıcaya yaxınlaşanda 9 gün geridə qalmışdı ki, özü üçün müəyyən götür-qoy etdiyi sirr deyildi.

Bojoviçlə “aö-qaralar”ın məskunlaşdığı “Gloria Sports Arena”da görüşüb, həm bizi, həm də azarkeşləri maraqlandıran suallara cavab tapmağa çalışdıq.

- Artıq doqquzuncu gündür komanda ilə birlikdəsiniz. Bugünkü “Neftçi”də sizi ən çox narahat edən nədir?

- Ən böyük problemimiz oyun quruculuğu ilə bağlıdır. Bilirəm ki, “Neftçi” azarkeşləri baxımlı və aqressiv futbol görmək istəyir. “Neftçi” azarkeşlərin könlünü açan futbol sərgiləyəcək. Baxımlı futbolla yanaşı, bizə qələbələr də lazımdır.

- Bunun üçün sizə nə qədər vaxt lazımdır?

- Yüksək səviyyədən, sistem və strukturdan danışırıqsa, uzun müddətə ehtiyac var, təxminən 3 ilə. 3-5 aya xarüqələr yaratmaq mümkün deyil. Onu deyə bilərəm ki, 6 həftədən sonra “Neftçi”dəki işimi görəcəksiniz.

- Artıq komanda ilə yaxından tanışsınız. Əlinizdə olan materialla hədəfə çatmaq nə dərəcədə realdır?

- Öncəki müsahibəmdə də demişdim, bizə əlavə güc lazımdır. Yəqin ki, iki futbolçu ilə güclənəcəyik. Hücumçulara ehtiyacım var. Ümidvaram ki, mövsümün sonunda hədəfə çatacağıq. Avrokubok mövsümündə isə artıq başqa məqsədlərimiz olacaq. Beynəlxalq arenalarda da yaxşı nəticələr qazanmaq istəyiriksə, bir az da güclənməli olacağıq. İşləmək və gələcəyin komandasını qurmaq lazımdır.

- Bu müddətdə Premyer Liqadakı rəqiblərinizin oyunlarına baxmaq, onları təhlil etmək imkanınız olub?

- Tədricən baxırıq. Lakin bu dəqiqə əsas diqqətimizi “Sabah”a ayırmışıq. Çünki fasilədən sonra ilk oyunumuz onlara qarşı olacaq. Əslində, “Sabah”ı yayda iş başında görmüşdüm. “Partizan”la matçlarda onlar məni sözün yaxşı mənasında təəccübləndirmişdilər. Bakıda qalib gəlmişdilər, Serbiyada isə məğlubiyyətə layiq deyildilər. “Sabah” “Partizan”dan daha yaxşı idi.

- Belqraddakı oyuna standiondan baxmışdınız?

- Yox-yox. Mən o stadiona gedə bilmirəm.

- Əzəli rəqib “Srvena Zvezda”nı çalışdırdığınız və bu komandanın azarkeşi olduğunuz üçün?

- Əlbəttə. Çox istərdim ki, tribunada oturub baxım, amma bu, mümkün deyil. Murad Musayevi Rusiyadan tanıdığım və işini bəyəndiyim üçün həmin görüşü izləmişdim.

- 9 gündən sonra (müsahibə yanvarın 12-də alınıb) “Sabah”la oyun var. Lakin komandada hələ də yeni futbolçu yoxdur. Gecikmirsiniz ki?

- Əlbəttə, buna görə narahatam. Sadəcə, bir şeyi qəbul etməliyik ki, yanvarda sərbəst azad statusuna malik səviyyəli futbolçuları tapmaq asan iş deyil. Gecikməyimizin səbəbi bəllidir.

- Konkret danışıq apardığınız oyunçular var?

- Əlbəttə, var.

- Azərbaycanlı futbolçuların gəlişində maraqlısınız?

- Təbii, onlarla bağlı da iş gedir.

- Az öncə başa çatan məşqdə 21 futbolçu iştirak edirdi. Ataa Caber, Qara Qarayev, Rizuan Mirzov məlum səbəblərdən bu gün sərəncamınızda olmasalar da, komandaya qoşulacaqlar və say 24 olacaq. 10-15 gündən sonra say neçə olacaq?

- İndiki plana görə hamısı qalacaq. Yeni futbolçular yoxdursa, heç kimlə vidalaşa bilmərik.

- Bəs, ayın sonuna kimi iki transfer etsəniz kim(lər) gedəcək?

- İşin birinci tərəfini edək, ikinci tərəfinə baxarıq (gülür). İndiki məqamda ad çəkməyi düzgün hesab etmirəm.

HƏBİB, Antalya

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti