“Neftçi” mənim qanımdır” – O, hansı məşhurun qardaşı nəvəsidir?

12 Yanvar 19:40 Müsahibə 2 806
“Neftçi” mənim qanımdır” – O, hansı məşhurun qardaşı nəvəsidir?

Bundan sonra “Neftçi”nin məşqçilər korpusunda bir yox, iki azərbaycanlı məşqçi yer alacaq.

Sənan Qurbanov hələ Adrian Mutunun dönəmində rumın çalışdırıcının köməkçilərindən biri idisə, Miodraq Bojoviç qapıçılar üzrə məşqçini ölkə xaricindən gətirməyə ehtiyac duymadı.

“Çərçivə”ylə bağlı məsələyə vaxtilə “Neftçi”nin əvəzedici komandasında, “Rəvan”, “Simurq”, “Sumqayıt” kimi elita təmsilçilərində, Rusiya ÇSKA-sının akademiyasında çalışmış Emil Babayev nəzarət edəcək.

42 yaşlı mütəxəssis Antalya toplanışında Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Neftçi”dən gələn təklif gələcəklə bağlı planlarınıza daxil idi, yoxsa gözlənilməz oldu?

- “Neftçi”nin Azərbaycan futbolu üçün nə demək olduğunu hamı bilir. Əlavə nəsə deməyim artıq olar məncə. “Neftçi” və milli komanda pikdir, bunu etiraf etməliyik. Fikrimcə, hər bir məşqçi və futbolçu “Neftçi”nin sıralarında olmağı arzulayır. Hər nə qədər ürəyimcə olsa da, açığı, təklif mənim üçün gözlənilməz oldu. Kim deyir ki, “Neftçi”də işləmək istəmirəm, yalan deyir.

- “Neftçi” sizin üçün nə deməkdir?

- “Neftçi” mənim qanımdır.

- Niyə?

- Futbolçu kimi 16 yaşımda ilk peşəkar klubum “Neftçi” olub. Məşqçi kimi də ilk dəfə “Neftçi”də işə başlamışam və Arif Əsədovun rəhbərliyi altında əvəzedici komanda ilə çempion olmuşuq. Gözümüzü açandan evdə “Neftçi” eşitmişik, stadionda “Neftçi”ni görmüşük. Bu adın xəyalları ilə böyümüşük. Bundan artıq nə deyim? (gülür)

- Bildiyimə görə, 1966-cı ildə bürünc medalları qazanan “Neftçi”də çıxış etmiş və karyerası ərzində yalnız bu komandanın şərəfini qorumuş Adil Babayev sizin əminizdir. Doğru faktdır?

- Bir az düzəliş edim, tam doğru olsun. Mənim yox, atamın əmisi idi.

- Allah rəhmət eləsin! Futbolu seçməyində rəhmətliyin nə dərəcədə rolu olub?

- Adil əmi ilə bizim evimiz elə də uzaq deyildi. Biz indiki Atatürk prospektində qalırdıq, doqquzmərtəbəli binada, Adil əmigil köhnə tramvay parkının yanında. “Neftçi”nin futbolçuların mənzillər verilən binada Kazbek Tuayevlə qapı qonşu idi. Yaxın idik deyə, Adil əmi tez-tez bizə gəlirdi və məni görən kimi futbola bağlı suallar verirdi. O vaxt 10 yaşım var idi, dedim, məni futbola yazdırın, Adil əmi kimi futbolçu olmaq istəyirəm. Bilirsiniz nə dedi?

- Nə?

- Dedi, futbolçu olmağına ol. Amma ola bilməsən, mənim üstümə qaçma ki, kömək elə, dəstək ol. İstəyirdi bacarıqlı futbolçu olum, davamı gəlsin. Pis-yaxşı oynadım, 17 yaşında “Neftçi”nin əsas komandasına cəlb olundum, ilk dəfə maaş aldım. Sonra icarəyə “Şəfa”ya getdim, 2 il orda oynayandan sonra Rusiyaya – Moskva “Torpedo”suna yollandım. Orada dizimdən ağır zədə alandan sonra heç cür futbolçu kimi qayıda bilmədim, məşqçiliyə başladım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti