"Mənim fikrim dəyişmir, Rəşad Sadıqovun milliyə gəlməsini istərdim"

11 Yanvar 2024 23:20 Müsahibə 916
"Mənim fikrim dəyişmir, Rəşad Sadıqovun milliyə gəlməsini istərdim"

2023-cü ilin yayında “Qarabağ”dan “Adana Dəmirspor”a transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev artıq Superliqa təmsilçisinin əsas heyət üzvünə çevrilib.

29 yaşlı futbolçu Superliqanın son 6 oyununda komandasının "çərçivə"sini qoruyub.

Ötən gün XIX turda “İstanbulspor”la heç-heçə edən (2:2) “Adana Dəmirspor” hazırda 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, elita təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Şahruddin Məhəmmədəliyev “report”un suallarını cavablandırıb.

- “Adana Dəmirspor”da işləriniz necə gedir?
- Hər şey çox yaxşıdır. Özümü burada əla hiss edirəm.

- Komandanız Superliqada birinci dövrədən sonra 5-ci pillədə qərarlaşıb. Hazırkı mövqeyinizdən razısınız?
- Məncə, daha yaxşı mövqedə yer ala bilərdik. Çoxlu lazımsız xal itkilərinə yol verdik. Əks təqdirdə, indi daha yüksək pillələrdə olardıq.

- Türkiyəyə və “Adana Dəmirspor”a tam uyğunlaşa bilmisiniz?
- Bəli, tam uyğunlaşdığımı deyə bilərəm. Bununla bağlı xüsusi çətinlik yaşamadım. Klubum tərəfindən çox yaxşı qarşılandım. Dil baxımından da heç bir problem yoxdur. Bu üzdən hər şey qaydasındadır.

- Mövsümə ehtiyat qapıçı kimi başlasanız da, artıq müntəzəm "çərçivə"də dayanırsınız. Sizi “Adana Dəmirspor”un əsas qolkiperi hesab etmək olar?
- Açığı, bu barədə düşünmürəm. İndi bütün diqqətimi komandamın matçlarına yönəltmişəm. Hər dəfə yalnız növbəti görüşə köklənirəm.

- Mario Balotelli, Nani kimi ulduz futbolçularla komanda yoldaşı olmaq necə hissdir?
- Möhtəşəm hissdir. Sizə kömək edə biləcək belə böyük futbolçuların ətrafınızda olması çox xoşdur.

- Balotellinin meneceri Azərbaycandan ona zəng gəldiyini bildirib. Bu barədə Balotelli ilə söhbətiniz olub?
- Balotellinin hazırda zədəsi var, müalicə olunur. Bu üzdən bir müddətdir bir-birimizi görmürük. Buna görə də söhbət etmək imkanımız olmayıb.

- Türkiyə Superliqasının səviyyəsi barədə nə deyə bilərsiniz? Orada da Azərbaycandakı kimi təzyiqlərlə üzləşirsiniz?
- Superliqanın səviyyəsi çox yüksəkdir. O ki qaldı Azərbaycanda təzyiq olmasına, ölkənin ən yaxşı klubunda təzyiq olmadan necə çıxış edə bilərsiniz? Yəqin hamı mənimlə razılaşar ki, “Qarabağ” kimi böyük klubda oynayırsansa, təzyiqlə üzləşməyin normaldır. Ən yaxşı olmaq istəyirsənsə, bunun öhdəsindən gəlməlisən.

- Son vaxtlar azərbaycanlı futbolçuların Türkiyəyə axını baş verir. Bunu necə qarşılayırsınız?
- Bu çox yaxşı haldır. Azərbaycanlı futbolçuların Türkiyəyə gəlməsi müsbət məqamdır. Belə bir fürsətin varsa, özünü sınamalısan.

- Sabiq komanda yoldaşınız Ramil Şeydayevin də “Kocaelispor”la anlaşdığı yazılıb. Bu barədə məlumatınız var?
- Bu barədə mən də eşitmişəm. Ancaq konkret bir şey yoxdur.

- Superliqada çempionluq uğrunda “Fənərbağça” ilə “Qalatasaray” arasında mübarizə gedir. Hansı komandanı daha şanslı hesab edirsiniz?
- Hər ikisi çox güclü komandadır. Proqnoz vermək çox çətindir. Kim güclüdürsə, o da qalib gəlsin.

- Sabiq komandanız “Qarabağ”ın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?
- Azərbaycanda “Qarabağ”a rəqib yoxdur. “Qarabağ”ın yeganə rəqibi elə “Qarabağ” özüdür. Bundan yarana biləcək arxayınlıq isə komandaya problem yarada bilər.

- Azərbaycan millisinin baş məşqçi postuna yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməsi məsələsi müzakirə olunur. Siz hansının tərəfdarısınız?
- Mənim işim kimin məşqçi olacağını müzakirə etmək deyil. Əsas odur ki, kim gəlir-gəlsin, Azərbaycan futboluna xeyir versin.

- Yerli məşqçilər arasında kimin təyin olunmasını istərdiniz?
- Mənim fikrim dəyişmir, Rəşad Sadıqovun milliyə gəlməsini istərdim.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA