Albaniya "Eqnatiya"sın Türkiyə təmsilçisi "Boluspor"a dəyişən Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli Sportinfo.az-a müsahibə verib.
- "Boluspor"a keçidin necə baş tutdu?
- Əslində danışıqlar 3 ay əvvəl başlamışdı. Sadəcə razılıq indi əldə olundu.
- Başqa təkliflərin vardımı?
- Bəli, başqa variantlar da vardı. Amma yekunda bura gəlməyi seçdim. Hər zaman təkliflər gələndə araşdırdığım ilk şey o olur ki, problemsiz yer olsun və daha çox oynaya bilim.
- Keçidinə görə Türkiyə təmsilçisi əlavə xərcə düşdümü?
- Bəli, təzminat ödənilib. Amma rəqəmi dəqiq deyə bilməyəcəm. Elə transfer məsələsi də həmin təzminata görə uzanırdı.
- Türkiyə Birinci Liqada digər həmyerlilərimiz - Bəxtiyar Həsənalizadə və Coşqun Diniyev də çıxış edir. Onlarla məsləhətləşdinmi?
- Yox, yalan demiş olaram. Coşqunla söhbətimizdə təklif aldığımı demişdim. Amma fikir almamışdım.
- Bundan sonrakı əsas hədəflərin nədən ibarətdir?
- Ən böyük hədəfim klubumla Super Liqaya yüksəlməkdir. Bu kluba, baş məşqçiyə, rəhbərliyə o yaraşar. İkinci dövrə əlimizdən gələni ən yaxşı formada edəcəyik.
- Azərbaycana qayıtmaq şansın vardımı?
- Təkliflər vardı. Lakin ad açıqlamaq doğru olmazdı.
- Bəs niyə dəyərləndirmədin?
- Bizdə hamı bir-birin yaxşı tanıyır. Ona görə də hansısa rəsmi təklif yox idi. Sadəcə, fikrimi alırdılar ki, istəsən gələ bilərsən. Yəni, maaş, müqavilə şərtləri, rəsmi müraciət yox idi.
XANOĞLAN İMANOV

