“Əjdaha” ilə əjdaha söhbəti: “Adını eşitmişəm, özünü görməmişəm”

2 Yanvar 2024 16:05 Müsahibə 1 080
“Əjdaha” ilə əjdaha söhbəti: “Adını eşitmişəm, özünü görməmişəm”

2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur.

Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.

Astroloqların proqnozlarına inansaq, 2024-cü il Əjdaha ilində doğulanlar üçün düşərli olacaq.

Hazırda Premyer Liqada top qovan Əjdaha ilində doğulan futbolçular arasında ən təcrübəlisi Vurğun Hüseynovdur.

35 yaşlı müdafiəçi Sportinfo.az-a müsahibəsində əjdaha ilə bağlı sualları cavablandırıb.

- Əjdahanın varlığına inanmısan?

- Əjdaha adını mən də hamı kimi eşitmişəm, amma özünü görməmişəm. Gözlə görmədiyim varlıqlardan yalnız Allaha inanıram.

- Uşaq yaşlarında valideynlərin, yaxud dostların səni əjdaha ilə qorxudublar?

- Uşaqlıq həyatım çöldə-bayırda, meşədə keçib deyə, elə şeylərdən qorxum olmayıb.

- Gözünə də görünməyib heç vaxt? Ağzında alov, başında buynuzlar, ilanabənzər quryuqlu...

- Kinolarda-filan görmüşəm. Amma reallıqda heç vaxt təsəvvür etməmişəm. Nə yalan deyim, əjdahanın olduğuna inanmamışam.

- Özündə əjdaha obrazı görürsən?

- Futbol meydanında bəlkə də ola bilər. Çünki döyüşkənliyi, aqressivliyi, mübarizə aparmağı sevirəm. Amma gündəlik həyatda sakit, üzüyola, hamı ilə dil tapa bilən adamam.

- 2012-ci il Əjdaha ili idi. Həmin dövrü necə xatırlayırsan? Düşərli olmuşdu sənə?

- (bir qədər fikirləşir) Düzünü desəm, yox. 2012-ci ildə “Qəbələ”də oynayırdım və həmin il ard-arda ağır zədələr almışdım. Həm komandada az oynamışdım, həm də millidən kənarda qalmışdım. Halbuki 2011-ci ili kifayət qədər uğurlu keçirmişdim, Berti Foqts mənə bir çox oyunlarda şans vermişdi. 2013-cü ildə “Sumqayıt”a keçdim və orada da mütəmadi şans qazandım. O dönəmdə yalnız Əjdaha ili mənim üçün uğursuz alınmışdı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı