“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a müsahibə verib.
Uzun illərdir klubun başında dayanan rəhbər şəxs bir sıra məqamlara aydınlıq gətirib.
- Nəhayət, 3 xala sevindiniz. Bu qələbə üçün nə etmişdiniz?
- Oyundan əvvəl məşqçi və futbolçu heyəti ilə görüşümüz oldu. Müəyyən söhbətlər etdik, fikirlərimizi çatdırdıq. Əlavə bir şey olmadı. Artıq futbolçular da dərk edir ki, bu qədər də olmaz. Komanda üzvləri əvvəlki məğlubiyyətləri unutdurmaq üçün meydana çıxmışdılar.
- Komandanı silkələməyi bacardınız?
- (gülümsəyir)
- Qış fasiləsində komandanı gücləndirmək mümkün olacaq?
- Əslində, transfer gözlənilmirdi. Məşqçilər heyəti ilə görüşümüzdə belə bir məsələ müzakirə olundu. Ola bilsin bir futbolçu ilə güclənək. Feras Abu Akal ötən mövsümdən bu yana zədəli idi. Sağlıq olsun, yeni ildən komandaya qoşulacaq. Əlavə bir nəfər də götürüb çempionatın ikinci yarısına hazırlaşacağıq.
- Hücumçu olacaq?
- Deməzdim. Daha çox müdafiə planlı olacaq.
- “Qəbələ”dən ayrılan(lar) olacaq?
- Hələ tam dəqiqləşməyib, amma ola bilər kimsə getsin.
- Təlim-məşq toplanışı üçün Antalyaya yollanacaqsınız?
- Xeyr, çox güman Azərbaycanda qalıb, Qəbələdə hazırlaşacağıq. Həm büdcəmiz kasaddır, həm də bizdən başqa qalanlar da var deyə, Antalyaya getməyə gərək yoxdur. Düşünürəm ki, yoldaşlıq görüşləri üçün uyğun rəqiblər tapmaq mümkün olacaq.
- “Sabah”ı məğlub etsəniz də, qış fasiləsinə sonuncu pillədə yollanırsınız. Mövsümün ikinci yarısında “Qəbələ”nin “zirzəmi”dən çıxacağına inanırsınız?
- Şəxsən inanıram. İndiki məşqçilər heyətinin potensialına inanıram. Son 4 ildə bunu dəfələrlə görmüşəm. Hər dəfə komandada köklü dəyişikliklər olanda müəyyən çətinliklərlə üzləşmişik. İnanıram ki, bu durumdan da üzüağ çıxacağıq.
- Keçmiş idmançısınız, uzun illərdir kluba rəhbərlik edirsiniz. Hazırkı durum sizə necə təsir edir? Nə dərəcədə səbrli davranırsınız?
- İdmançı oldun-olmadın, sonuncu yerdə olmaq heç kimə xoş deyil. Amma idman elədir ki, məğlub olmağı, axırıncı pilləni qəbul etməyi bacarmaq lazımdır. Bu cür vəziyyətlərdə səbrli davranmaq vacibdir. Qısaca onu deyim ki, düşündüyünüz qədər narahat deyiləm. Çünki yaxşıya doğru dəyişəcəyinə əminəm.
HƏBİB

