“Yeni gələnlərə “Neftçi”də oynadıqlarını dərk etmək üçün vaxt lazımdır”

24 Dekabr 2023 15:40 Müsahibə 934
“Yeni gələnlərə “Neftçi”də oynadıqlarını dərk etmək üçün vaxt lazımdır”

“Neftçi”nin futbolçusu Eddi İsrafilov Sportinfo.az-a müsahibə verib.

Yarımmüdafiəçi ölkə kuboku çərçivəsində “Qaradağ Lökbatan”la keçirilən oyun (4:0), həm də digər mövzularla bağlı sualları cavablandırıb.

- Lazım olan qolları son 20 dəqiqədə vurdunuz. Bu ana qədər fərqlənmək üçün nə çatmırdı?

- Futbol 90 dəqiqə davam edir. Fikrimcə, qolları hansı dəqiqələrdə vurmağın ciddi önəmi yoxdur. Vacib olan odur ki, şansları dəyərləndirib, böyük hesabla növbəti mərhələyə adlamağı bacardıq.

- Çempionatda məhsuldar “Neftçi”ni görməyə nə mane olur?

- Oyunları və rəqibləri bir-birindən ayırmırıq. Bizim üçün rəqiblərin hamısı eynidir. Çalışırıq hamısına eyni cür yanaşaq, eyni cür hazırlaşaq. Premyer Liqada bütün rəqiblər “Neftçi”yə qarşı xüsusi hazırlaşır, fərqli oyun nümayiş etdirirlər. Bu da səbəbsiz deyil. Ölkənin tarixi klubudur və ən güclülərdən hesab olunur. Ona görə də işimiz asan olmur, istədiyimiz məhsuldarlığı göstərə bilmirik. Digər səbəb komandada çox sayda yeni futbolçuların olmasıdır. Onlara da vaxt lazımdır. Həm uyğunlaşmaq, həm də hansı komandada oynadıqlarını dərk etmək üçün.

- 4:0-lıq qələbənin əhval-ruhiyyəsi “Kəpəz”lə oyuna öz təsirini göstərəcək?

- Sözsüz, hər qələbə növbəti oyun üçün yaxşı motivasiyadır. Bu qalibiyyətdən sonra “Kəpəz”lə matçda xoş əhval-ruhiyyədə hazırlaşacağımıza şübhə etmirəm.

- Azərbaycanda belə deyim var, şər deməsən xeyir gəlməz. Son görüşlərdə uğurlu qrafik cızan “Kəpəz”lə oyunda xal itkisi hansı fəsadlara yol aça bilər?

- Mən optimist insanam, hadisələrə pozitiv yanaşmağı sevirəm. Hansısa iş görəndə onun pis yox, yaxşı tərəfini düşünürəm. Hər gün səhər yuxudan oyananda gün ərzində yalnız xoş olaylarla rastlaşacağımı təxmin edirəm. Oyun günü səhər gözlərimi açanda ancaq və ancaq qələbə haqda düşünəcəyəm.

- “Araz-Naxçıvan”, “Zirə” və “Turan Tovuz”la oyunlarda “Neftçi”nin 1 qol vurandan sonra əsas diqqəti müdafiəyə ayırması kənardan açıq-aydın görünürdü. Adrian Mutunun bu cür oyun fəlsəfəsinə münasibətin necədir?

- Mən bu komandanın futbolçusuyam və yalnız öz çıxışıma qiymət verə bilərəm. Məşqçilər heyəti hansı tapşırıqları verirsə, onları yerinə yetirməyə çalışırıq. Bəzən 3 xal ovcumuzun içində olur deyə, onu qoruyub-saxlamaq haqda düşünürük.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA