“Araz-Naxçıvan”ın qapıçısı Semir Bukviç Sportinfo.az-a müsahibə verib.
Bosniyalı qolkiper ölkə kuboku çərçivəsində komandasının “İrəvan”la keçirdiyi və 8:2 hesabı ilə qələbə qazandığı oyundan sonra sualları cavablandırıb.
- Bir hissə meydanda olduğun matçla bağlı fikirlərini eşitmək maraqlıdır.
- Təxminən 4 aydan sonra ilk dəfə rəsmi görüşdə meydana çıxmışdım. Nə qədər oynamağım fərq etmir, 45 olmasın, lap 10 dəqiqə olsun. Əsas odur komandama hansısa mənada fayda verim. Səhvə etsəm də, böyük hesabla qələbə qazanmaq yerinə düşdü. Bu cür hesabla qalib gəlmək komanda ruhu olaraq hər birimiz üçün vacibdir. İnşallah, “Turan Tovuz”la sonuncu oyunu da uğurlu nəticə ilə başa vurub, fasiləyə yollanarıq.
- Səhv demişkən, “Araz-Naxçıvan”da 2 oyunda şans qazanmısan və hər iki halda kobud səhvlərlə yadda qalmısan. Səbəb nədir?
- Dünya futbolunda səhv etməyən qapıçı və ya futbolçu yoxdur. Az qala hər gün hansısa formada səhv edənlər olur. Uzun müddətdir rəsmi oyunlarda meydana çıxmırdım, Premyer Liqada 16 matçda ehtiyatda oturmuşdum. 32 yaşım var, kifayət qədər təcrübəliyəm. Futbol elədir ki, oyun təcrübən azdırsa, ya da yoxdursa, istər-istəməz səhv edəcəksən.
- Hər şey uğursuz startdan başladı. “Turan Tovuz”la qarşılaşmada sənə nə olmuşdu?
- Heç nə olmamışdı, açığı. Sadəcə, yeni ölkədə, yeni çempionatda, yeni mühitdə ilk oyunum idi. Müdafiəçi yoldaşlarımla anlaşmam elə də yaxşı deyildi. Çünki hazırlıq dönəmində yalnız bir yoldaşlıq görüşü keçirmişdik. Səhvləri uyğunlaşma ilə əlaqələndirərdim. Mənim yerimdə başqası da ola bilərdi. Sadəcə, həmin gün qapıda mən idim.
- “Araz-Naxçıvan”dakı gələcəyini necə görürsən?
- Klubla müqaviləm var. Peşəkar futbolçuyam və anlaşma şərtlərinə hörət etməliyəm. Məşq edirəm, formada olmağa çalışıram və istənilən an komandama kömək etməyə hazıram. “Araz-Naxçıvan” üçün hələ heç nə edə bilməmişəm. Amma edəcəyimə əminəm.
HƏBİB

