Gənc azərbaycanlının xəyalı: "Ən azı "Real"a qarşı oynamaq istərdim" - MÜSAHİBƏ

23 Dekabr 2023 21:00 Müsahibə 2 286
Gənc azərbaycanlının xəyalı: "Ən azı "Real"a qarşı oynamaq istərdim" - MÜSAHİBƏ

Əvəzedicilər Liqasında bu həftə 17-ci tur arxada qaldı.

"Zirə-2" tur çərçivəsində Tovuzda "Turan"ın qonağı olub.

Matç qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmada vurulan ikinci qol xüsusilə maraqlı alınıb.

Belə ki, "qartallar"ın 17 yaşlı qolkiperi Səlim Həşimov 78-ci dəqiqədə öz cərimə meydançasından vurduğu zərbəylə həmkarı Elxan Qasımovun qoruduğu qapının torunu silkələyib.

Gündəm yaradan qolun gənc müəllifini aramaqda məqsədimiz vurduğu baxımlı qoldan danışmaq idi.

Amma söhbət uzanınca ortaya aşağıdakı müsahibə çıxmış oldu.

- Səlim, öncə son oyunda vurduğun baxımlı qola görə təbrik edirəm. Qol barədə nələr deyə bilərsən?

- Təbrikə görə təşəkkür edirəm. Futbolda belə hallar baş verir.

- Məqsədin qol vurmaq idi, yoxsa ötürmə sonrası qol sevinci yaşamalı oldun?

- Fikrim topu hücumçumuza çatdırmaq idi. Amma top gözlədiyimindən də sürətli gedərək, ardınca yerə dəyib rəqib qolkiperin başı üzərindən qapıya daxil oldu. Və belə bir qol alındı.

- Daha əvvəl hansısa oyunda və ya məşqdə belə bir qol vurmusanmı?

- Xeyr, nə vaxtsa belə qol vurduğumu xatırlamıram.

- Bir qapıçı kimi daha çox seyvlər etmək sənin üçün önəmlidir, yoxsa belə qollar da lazımdır?

- Qapıçıların qol vurması nadir hallarda olur. Düzdü, sevinirəm ki, rəsmi oyunda qol vurmuşam. Ancaq daha önəmlisi qapıda etibarlı və inamlı oynamağımdır.

- 17 yaşın olmasına rəğmən artıq "Zirə"nin əsas komandasına da davamlı dəvət alırsan. Baş məşqçi Rəşad Sadıqovun güvənin necə qazana bilmisən?

- Buna görə Rəşad müəllimə təşəkkür edirəm. Məni əsas komandaya cəlb edib və hər zaman dəstəyini hiss edirəm.

- Bilirik ki, atan Zaur Həşimov Azərbaycan millisinin sabiq üzvüdür. Yəni ailən futbolla bağlıdır. Maraqlıdır, sənin futbola gəlişin onun istəyilə olub, yoxsa öz seçimin əsasında?

- Uşaqlıqdan atamın oyunların baxırdım. Mən də futbolçu olmaq istəyirdim.

- Məhz qapıçı?

- Xeyr, hücumçu olmağımı istəyirdi. Lakin elə alındı ki, qapıçı oldum. Atam da məni dəstəklədi.

- Maraqlıdır, atan sahə oyunçusu olduğu halda qapıçı olmaq istəyin nədən irəli gəlirdi?

- 10 yaşımda məşqçimiz məni qapıda sınamaq qərarı verdi. Gördü ki, pis alınmır. Elə o vaxtdan qapıda davam etdim.

- Futbolda ən böyük arzun nədir?

- "Real Madrid"in fanatıyam. Bu klubda çıxış etmək ən böyük arzumdur. Bu da alınmasa, ən azı "Real"a qarşı oynamaq istərdim.

- Kumirin hansı qolkiperdir?

- Hazırda komandamızın təcrübəli qapıçısı olan Anar Nəzirov mənə çox dəstək olur. Həm Anar, həm də digər qapıçımız Tiaqo Silvadan çox şey öyrənirəm. Kumirim isə Kurtuadır.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA