“Komandamızda ən arıq mənəm, mən də 90 kiloyam” – SƏMİMİ MÜSAHİB

20 Dekabr 2023 19:40 Müsahibə 1 164
“Komandamızda ən arıq mənəm, mən də 90 kiloyam” – SƏMİMİ MÜSAHİB

Azərbaycan millisinin sabiq futbolçuları yenə top dalınca qaçırlar.

Lakin bu dəfə böyük futbol meydanında yox, minifutbol zalında.

Minifutbol çempionatında mübarizə aparan “İnter”in heyətində yer alan tanınmışlardan biri də Rauf Əliyevdir. 2 oyunda rəqib qapılarından 4 top keçirən 34 yaşlı hücumçu komandası üçün olduqca vacib fiqurdur.

“Turan”la 3:3 hesabı ilə başa çatan oyunda Rauf komandasının ən yaxşısı idi. Vurulan 3 qoldan 2-sinə imzasını yazdırmaqla yanaşı, komanda yoldaşları üçün əlverişli imkanlar yaratmaqla yadda qaldı.

Oyun başa çatandan sonra “Qarabağ”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Xəzər Lənkəran”, “İnter” (indiki “Şamaxı”) kimi komandaların formasını geyinmiş forvard Sportinfo.az-a müsahibə verib.

- Artıq xeyli vaxtdır məşqçiliyə başlamısan və “Qarabağ”ın U-19 komandasında köməkçi-məşqçi çalışırsan. Çətin sənətdir?

- Hər işin öz çətinliyi var. Həyatda asan heç nə yoxdur. B kateqoriyası üçün imtahan vermişik, görək necə olacaq. Həftəlik qrafiklə məşqlər edir, oyunlarımızı oynayırıq. Hələ ki, çətin heç nə görmürəm.

- Yeniyetmələrlə işləməyə hövsələn çatır?

- Futbolçu həyatından sonra bu, mənim üçün yeni səhifədir. Futbolçu olanda yalnız özümüzü düşünürdüksə, indi bütün komandanı fikirləşirik. Məşqçiliyin məsuliyyəti böyükdür. Hövsələm çatdı, ya çatmadı, bu, mənim işimdir.

- Vaxtilə milli səviyyəsində futbol oynayıb, yaxşı pul qazanan keçmiş futbolçuları bəziləri məşqçi olmaq istəmir. Ki, bu sahədə maaş azdır, boş vaxt itkisidir və s. Səndə də bu kimi fikirlər var idi?

- Məni hansı çətinliklərin gözlədiyini bilirdim. Çünki özüm də uşaq futbolundan gəlmişəm, futbol oynadığım dönəmdə uşaq futbolundakı problemləri görmüşəm. Amma özümü buna hazırlamışdım. Böyük komandalardakı çətinliklər o qədər də nəzərə çarpmır. Amma akademiyadan gələn uşaqlarla işləmək bir az çətindir.

- Otun üstündə rahat görünürdün. Xalçanın üstündə özünü necə hiss edirsən?

- Minifutbolu bəyənirəm. Əslində, çempionat da intriqalı keçir deyə, həvəsim var. Son illərdə insanlarda bu idman növünə maraq çoxalıb. Biz oynayanda azarkeşlərin sayı daha çox olur. O biri oyunlara baxıram, o qədər də çox adam olmur. Amma bizim matçlarda tribunalarda canlanma yaşanır. Sağ olsunlar, gəlib baxırlar, dəstəkləyirlər. Bacardığımı etməyə çalışıram. Təəssüf ki, zədəm tam gücümlə oynamağa imkan vermir. Gücə salanda ağrılarım olur. Bir həftə oynayıram, bir həftə buz qoyuram. Köhnə uşaqlar yığışmışıq, kollektiv, ab-hava – hər şey əladır. Həftədə bir dəfə məşq etməyə çalışırıq ki, oyunda çox əziyyət çəkməyək.

- “Turan”la oyununuzu canlı izlədim. Təcrübə öz sözünü deyir. Amma ümumi ansamblda nəsə çatmır sanki. Minifutbol təcrübəsi?

- Bayaq dediyim kimi, fiziki hazırlıq və yaş amili məsələsi. Digər komandalar bu işə peşəkar klub kimi yanaşırlar. Həftədə 3-4 dəfə məşq edirlər, müxtəlif taktiki gedişlər üzərində işləyirlər. Bizdə hamı məşqçilik edir, öz işində-gücündədir. Həftədə bir dəfə yığışıb meydana çıxırıq. Aramızda uzun müddətdir oynamayıb artıq çəki alanlar var.

- Səncə, qarşıdakı həftələrdə formaya düşməyiniz mümkün olacaq? Azarkeşlər sizi hazır görmək istəyir ki, iddialı rəqiblərlə matçlarınız maraqlı alınsın.

- Mənə elə gəlir ki, mümkün olacaq. Hamıda həvəs var, əsas olan da budur. Danışmışıq, həftədə bir dəfə məşq edək ki, formaya tez düşək.

- Heyətiniz də kassaddır sanki. “Turan”la görüşdə sifariş ərizəsində 9 nəfərin adı yer almışdı.

- Əslində, normal heyətimiz var. Cavid Hüseynov xəstə idi deyə oynamadı. Kamran Ağayev var, ondan istifadə etmirik, heç ehtiyac da olmur (gülür). Ruslan Abışov bizə yanvardan sonra qoşulacaq. Hamı yerində olsa, iki heyət alınır. Adam az olanda çatdırmaq olmur, tez yoruluruq. Orda komandalar var ki, uşaqlar maşallah, dayanmır. 50 dəqiqə əvəzlənmir, dayanmadan qaçır. Bizim üçün çətindir.

- 2 oyunda 4 qol vurmusan. Bombardirlər siyahısına baxırsan? Hədəf var?

- Açığı, siyahıya fikir vermirəm. Amma komandamızın xeyri üçün çox qol vurmaq istəyimi də gizlətmirəm.

- Maaş alırsınız?

- Bəli-bəli, alırıq.

- “Turan”la oyunda hesabda 3:1 öndə olduğunuz halda qələbəni əldən verdiniz. Üstəlik, son saniyələrdə Əfran 100 faizlik imkanı boşa verdi. Oyundan sonra İsmayılova "dişinizin dibindən çıxanları" dediz?

- (gülür) Yox əşi. Daha əvvəlki yaşda deyilik. O, əvvəl idi, deyinirdik, kiməsə irad bildirirdik. Minifutbolda elədir ki, qol imkanını qaçırmaq normaldır. Hər qapıya gedən top qol olsa, hesablar ikirəqəmli olar. Gəln oyun mən vura bilmərəm, ya d Elvin, yaxud Rahid.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA