Uzun zədədən sonra Premyer Liqanın 17-ci turunda "Kəpəz"lə matçda (1:1) geri dönən "Sumqayıt"ın pakistanlı müdafiəçisi Sportinfo.az-a müsahibə verib.
- Uzun müddətdən sonra yenidən yaşıl meydanlara qayıtmaq necə hisslər yaratdı?
- Komanda yoldaşlarımla oynamağa qayıtmaq gözəl hiss idi. Həftələrdi bu hiss üçün çox darıxmışdım. Tez sağalmaq üçün çox çalışdım və qayıtdığım üçün xoşbəxtəm.
- Uzaq səfərdən qələbə ilə qayıtmağınız üçün nə çatmadı
- Oyundan 3 xalın hamısını ala bilmədiyimiz üçün məyus olduq. Oyun zamanı bir az keyfiyyət və səbri əldən verdik və bu oyunları qazanmaq üçün bacardığımızı bildiyimiz keyfiyyətlə oynamalıyıq. Ancaq fasiləyə qədər daha 1 oyunumuz var və əminəm ki, bunu göstərəcəyik.
- Oyunda özünü necə hiss etdin? Komanda yoldaşlarınla anlaşman necə idi?
- Oyun zamanı özümü yaxşı hiss etdim. Onlar mənə çox kömək etdilər ki, bir müddət meydandan uzaqlaşdıqdan sonra özümə yenidən güvənim.
- Zədədən sonra ilk oyunu sintetik meydançada keçirmək çətin olmadı?
- Çətin deyildi. Bəzi stadionların sintetik olması bu çempionatın bir hissəsidir. Zədədən sonra belə bir meydançaya qayıtmaq ideal deyil, amma dediyim kimi bəzi komandalarda belə meydançalar var və oynayan zaman bu haqda çox düşünə bilməzsiniz. Həm də bəzi zədələrimiz var. Buna görə hamımız bir az artıq fədakarlıq etməli və komandamıza kömək etmək üçün əlimizdən gələni etməliyik.
XANOĞLAN İMANOV

