"Kəpəz"in yarımmüdafiəşisi Şakir Seyidov Premyer Liqanın 16-cı turunda "Qəbələ"ni məğlub etdikləri matç (3:0) haqda Sportinfo.az-a müsahibə verib.
- İnamlı qələbə barədə nələr deyə bilərsən?
- Uzun müddətdir bu qələbəni gözləyirdik. İnşallah, ardı gələr. Dayanmaq olmaz.
- Hesab surpriz olmadı?
- Düzdü, rəqib komanda böyük çətinlik yaradırdı. Amma "Sabah"la oyundan sonra Adil müəllim necə oynamaq lazım olduğunu bizə başa salmışdı. Qələbəyə böyük inam vardı.
- Maraqlıdır, Adil müəllim qısa müddətdə nələri dəyişə bilib?
- Artıq müdafiə futbolu oynamırıq. Sürətli və hücum futboluna üstünlük veririk. Hər məşqçinin öz fəlsəfəsi var. Adil müəllimin də öz istəkləri var. Biz də hər keçən gün oyumuzu daha da yaxşılaşdırmağa çalışırıq.
- Rəqibin uzun müddət azlıqda qalması nəticəyə necə təsir etdi?
- Hər bir komanda 10 nəfərlə qalanda məcburən geridən oynamalı olur. Futbolda bir nəfərin azlığı vacib rol oynayır. Öndə oynayan futbolçularımızın keyfiyyətindən yararlanıb qollar vurmağı bacardıq.
- Hələ də əksəriyyət düşünür ki, yüksək liqanı sonda "Kəpəz" tərk edəcək...
- Mövsüm başlayanda da demişdim ki, erkən nəsə demək olmaz. Gərgin çempionat gedir. Hələ bilmək olmaz necə olacaq. Hər şey dəyişə bilər. Amma inanmıram ki, "Kəpəz" sonuncu pilləni tutacaq. Oynadığımız futbolla axırıncı pilləyə layiq olmadığımızı göstəririk.
- Sonuncu pillədən qurtuldunuz. Növbəti hədəf nədir?
- Hər oyuna qələbə üçün çıxırıq. Rəqibin "Neftçi" və ya "Qarabağ"ın olması da fərq etmir. Bundan sonra da xallarımızı qazanıb, daha üst pillələrə çıxmağa çalışacağıq.
- Müxtəlif mövqelərdə oynadılırsan. Çətin deyil?
- "Sabah"da cinah yarımmüdafiəçisi kimi başlamışam. Sonra millidə dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etmişəm. Mənə fərq etmir, əsas odur, komandaya fayda verim.
- Daha çox özünü harada rahat hiss edirsən?
- Dayaq yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi kimi özümü daha rahat hiss edirəm.
XANOĞLAN İMANOV

