“Neftçi”yə uduzdular, kapitan “od püskürdü”: “Niyə iyrəndirirsiz?”

12 Dekabr 2023 20:00 Müsahibə 1 714
“Neftçi”yə uduzdular, kapitan “od püskürdü”: “Niyə iyrəndirirsiz?”

“Turan Tovuz”un qapıçısı Kamal Bayramov Sportinfo.az-a müsahibə verib.

38 yaşlı kapitan komandasının “Neftçi”yə 2:3 hesablı məğlubiyyəti haqda danışarkən sərt fikirlər səsləndirib.

- “Neftçi”yə niyə uduzdunuz?

- Ərazi üstünlüyü, topa sahiboluma, hücumların qurulması – bütün göstəricilərdə üstünlük tərəfimizdə idi. “Neftçi”ylə “Turan Tovuz” arasındakı büdcə və futbolçuların keyfiyyət fərqini nəzərə alanda, bəlkə də əksəriyyət müdafiəyə çəkiləcəyimizi, rahat məğlub olacağımızı təxmin edirdi. Amma proqnozları alt-üst edib rəqibdən üstün futbol oynadıq. “Qəbələ”yə 0:4 uduzduğumuz matçı çıxmaq şərti ilə digər oyunlarda rəqiblərlə ya başabaş futbol sərgiləmişik, ya da üstün olmuşuq. Sadəcə, hər dəfə diqqətsizlik ucbatından buraxdığımız qollara görə sonluq belə alınır. “Neftçi”ylə qarşılaşmada da öz səhvlərimizə görə yenildik. Müdafiə planındakı səhvlərimizi an qısa zamanda aradan qaldırmalıyıq.

- “Neftçi”nin üçüncü qolunun təkrarına baxmısan?

- Baxmışam, təbii ki.

- Qol qaydalar çərçivəsində vurulub?

- Qapı qarşısına ötürmə edilməmişdən əvvəl rəqib futbolçu Fərid Nəbiyevə qarşı iki ayaqla kobudluq edir. Həmin epizod sarı vərəqəlik qayda pozuntusudur. Hakim oyunu saxlamır və epizodun davamında “Neftçi” qol vurur. Həmin vəziyyətdə əksəriyyət oyundankənar vəziyyəti müzakirə edir. Deyək ki, ofsayd yoxdur. Bəs, ötürmədən əvvəlki qayda pozuntusu? Hətta orada rəqib topa oynasa belə, iki ayaqla Fərdin ayağına tullanması birbaşa qayda pozuntusudur.

- Əliyar Ağayev görmədi, yoxsa özünü görməməzliyə vurdu?

- Epizod Əliyarın gözləri qarşısında baş verdi. Yaxşı, Əliyar görmədi. VAR-da oturanlar da görmədi? Çempionatımızda o cür qayda pozuntularına görə rahat sarı vərəqə verirlər, hətta “qırmızı”da göstərilib. Bizim oyunda vərəqə bir tərəfə, heç qayda pozuntusu da qeydə alınmadı. Bu, mənə qaranlıq qaldı.

- “Turan Tovuz”a qarşı bu cür münasibətin kökündə nə dayanır səncə?

- VAR gələnə qədər adam diaqnoz verə bilmirdi ki, bu, bilməyərəkdən edilən səhvdir, yoxsa qərəz? Bu gün dörd hakim meydandadır, üçü də VAR otağında. Bu qədər adam qayda pozuntularını görmürsə, nə düşünmək olar?

- Qərəzdir?

- Əliyar Ağayevi illərdir tanıyıram. Hörmət etdiyim, bəyəndiyim hakimlərdəndir. İnsanıq, heç kim digərinin haqqına girməməlidir. Mənim qapıma penalti verilməlidirsə, verin. “Qırmızılıq” qayda pozmuşamsa, qovun meydandan. Amma bunu eyni qaydada rəqiblərə qarşı da etmək lazımdır.

- “Turan Tovuz”un sıxışdırılmasının kökündə nə dayanır? Niyə ögey münasibət göstərilir?

- Şübhələndiyim məqam çempionatın əvvəlində verilən açıqlamalardır. Klub rəhbərliyi, baş məşqçimiz və biz futbolçular hər imkanda qeyd edirik ki, bu mövsümdə məqsədimiz avrokuboklara vəsiqə qazanmaq yox, çempionatda qalıb növbəti mövsümə hazırlaşmaqdır. Bu açıqlamadan sonra “Turan Tovuz”un itiriləcək heç nəyinin olmadığını düşünüb bizə bu cür yanaşırlar. Çempionatda yeganə komandayıq ki, “Məqsədimiz çempionatda qalmaqdır” açıqlamasını veririk. Bu da çox adamın əlində bayraq olub. Düşünürlər ki, bunları harda gəldi “vurmaq” olar. Elə deyil axı, qardaş. Niyə iyrəndirirsiniz?

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA