“Araz-Naxçıvan”ın legioneri İsmail Azzaui Sportinfo.az saytına açıqlama verib.
Vaxtilə Almaniya Bundesliqasında “Volfsburq”un, Niderland Eredeviziyasında “Villem II” və “Herakles”in şərəfini qorumuş belçikalı yarımmüdafiəçi komandasının “Zirə” ilə qolsuz bərabərə qaldığı oyun haqda sualları cavablandırıb.
- 1 xalı komandanız üçün qənaətbəxş saymaq olar?
- Əksinə, hamımızda üzgünlük var. Əsasən də ilk 45 dəqiqə ilə bağlı. Məqsədimiz qələbə qazanmaq idi. Bunun üçün xüsusən birinci hissədə əlverişli imkanlar yaxalamışdıq. Hesabı açsaydıq, oyunun axarı dəyişəcəkdi. Bunu edə bilməyincə, rəqib üzərimizə gəlməyə başladı. Ümumi götürsək, heç-heçə pis nəticə deyil. Amma 3 xal qazansaydıq, əla olardı.
- Ardıcıl 5-ci oyunda qələbə qazana bilməmək komandaya, siz futbolçulara necə təsir edir?
- Qalib gəlməyə bilərik, amma siz bizim sərgilədiyimiz oyuna, yaxaladığımız qol şanslarına baxın. “Neftçi” və “Səbail” kimi rəqiblərlə qarşılaşmalarda nə qədər qol fürsətlərimiz oldu. Hətta “Zirə”ylə oyun haqda eyni sözləri deyə bilərəm. Rəqib turnir cədvəlinin 2-ci pilləsində yer almasına baxmayaraq, onlarla başabaş futbol oynadıq. Deməyim odur ki, 5 oyunda 3 heç-heçə etsək də, insanlar sərgilədiyimiz futbolu və qaçırdığımız imkanları görür.
- Səncə, komandanız mövsümü neçənci pillədə başa vura bilər? İçindən gələn hiss nə deyir?
- Xüsusi bacarığa sahib futbolçulardan qurulmuş çox yaxşı komandamız var. Bu kollektivlə yaxşı nəticə əldə etmək mümkündür. Amma biz mövsümün sonuna, yaxud turnir cədvəlindəki pillələrə baxmırıq. Hər matça “oyundan-oyuna” prinsipi ilə yanaşırıq. Məqsədimiz rəqiblərin adından asılı olmayaraq meydana çıxdığımız görüşlərdən 3 xalla ayrılmaqdır. Bu cür davam etsək, məncə, sonluq xoş ola bilər.
- Bir müddət zədədən əziyyət çəkdin. İndi də sanki mübarizələr və qaçış zamanı özünü qoruyursan. Xroniki zədən var?
- Zədəni çoxdan geridə qoymuşam. Sonuncu zədəni 2 il əvvəl almışam. İlk dönəmlərdə “Araz-Naxçıvan”da ehtiyatda qalmağım zədə ilə yox, uyğunlaşma ilə bağlı idi. Ötən mövsüm Eredeviziyada “Herakles”in heyətində mütəmadi oynamışam, heç bir problem olmayıb. Odur ki, zədə ilə bağlı heç bir problem yoxdur. Tam gücümlə məşq edirəm və oynayıram.
HƏBİB

