“Neftçi”ni qoyub, “Qarabağ”a getmərəm” – De Byaziyə sualı var imiş

8 Dekabr 2023 21:00 Müsahibə 4 099
“Neftçi”ni qoyub, “Qarabağ”a getmərəm” – De Byaziyə sualı var imiş

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev özü, komandası və gələcəyi ilə bağlı sualları cavablandırıb.

- “Araz-Naxçıvan”la oyundan sonra sən və sənin kimi digər təcrübəli futbolçular müsahibə verməkdən imtina etdiniz. Halbuki, xal itkilərindən sonra mətbuat vasitəsilə ictimaiyyətin önünə çıxmalı olan adamlar təcrübəli futbolçulardır. Mövcud durumla bağlı izah verməli, azarkeşlərdən üzr istəməlisiniz. Oyundan sonra danışmaqdan boyun qaçırmağınızın səbəbi nədir?

- Həmin an vəziyyət elə idi ki, öz adıma deyirəm, danışmağa hazır deyildim. Yaxşı cavab verməyə bilərdim, yaxud hansısa cavabım pis alınardı. Özümü müsahibəyə hazır hiss etmədiyim üçün danışmaq istəmədim. Bunu hörmətsizlik kimi qəbul etməyin.

- Sonuncu oyunda hesabda 1:0 öndə olduğumuz halda, Adrian Mutu müdafiə planına üstünlük verməklə rəqibin əl-qolunu açdı, nəticədə qapınıza qol vuruldu. Həmin oyunu faktiki baş məşqçi uduzdu. Bu kimi hallar siz futbolçulara necə təsir edir?

- Baş məşqçinin işinə heç kim qarışa bilməz. Elə qərar veribsə, hörmətlə yanaşmalıyıq. Rəqibin vurduğu qol epizodunda heç kimin səhvi yoxdur. Qapımız qarşısına ötürmə ideal idi sadəcə. Elə məqamlar var ki, səhv etsək belə, məsuliyyət biz futbolçuların üzərinə düşür. Daha çox istəməlisən, xarakterin olmalıdır. Məşqçini günahlandıranlar var. Elə bir məşqçi yoxdur ki, səhv etməsin. Ancaq meydanda iş görən futbolçulardır. Yenə deyirəm, nəyəsə nail olmaq üçün xarakter göstərmək lazımdır.

- “Neftçi” cari mövsümdə meydan sahibi qismində yalnız “Qəbələ”ni məğlub edib. Niyə səfər oyunlarında daha uğurlu görünürsünüz?

- Buna diqqət yetirmişik, öz aramızda da danışırıq. Məşqlərdə hər şey qaydasında olur, yığışıb danışırıq, motivasiya-filan hər şey yaxşıdır. Meydana çıxırıq, oyun istədiyimiz kimi getmir. Alınmır. Mövsümə pis başladıq deyə, komandada hamıya təzyiq oldu. Təzyiq çox olanda futbolçu da fikir edir, narahatlıq keçirir. Meydana elə çıxırıq ki, bu oyunu udmalıyıq, uduzsaq elə olacaq, belə olacaq. Çox adamın yanaşması elədir ki, sanki çempionat başa çatıb, “Neftçi” mövsümü 6-cı pillədə başa vurub. Elə deyil axı. Birinci pillə ilə 10, ikinci yerlə 9 xal fərqimiz var. Digərləri ilə cəmi 3 xal fərqimiz movcuddur. Qış fasiləsinə qədər 4 matçımız var. Nə olacağını bilmək olmaz. Daha çox çalışmalıyıq.

- İndiyə qədər fərqli məşqçilərlə çalışmısan. Adrian Mutu komandaya nə verib? Onu həmkarlarından fərqləndirən cəhətlər hansılardır?

- Baş məşqçidir, onun da özünə görə fikirləri, oyun üslubu var. Bizə nə tapşırıq verirsə, çalışırıq yerinə yetirək.

- “Neftçi”ylə müqavilə müddətinin başa çatmasına aylar qalıb. Bu mənada hansısa yenilik varmı?

- Yenilik odur ki, danışıqlar davam edir. Dekabrın sonunda bəlli olacaq.

- “Neftçi”, yoxsa başqa klub?

- Həm ”Neftçi”ylə danışırıq, həm də digər təkliflərim var. Qərar vermək üçün hələ tezdir.

- 8 ildir “Neftçi”dəsən. Karyeranı burada başa vurmaqla bağlı fikirlərin necədir?

- “Neftçi”yə gələndə yaşım az idi. Həmişə “Neftçi”də oynamağı, bu formanı geyinməyə layiq olmağı arzu etmişəm. Arzuma çatdığıma görə şükür edirəm. Təbii ki, karyeramı “Neftçi”də başa vurmaq istəyərəm. Təklif olarsa, düşünmədən razılaşaram. İndiyə qədər heç vaxt maddiyatı, pulu düşünməmişəm. Hətta başqa klublardan daha sərfəli təkliflərim olanda belə, önəm verməmişəm, dərhal əlaqəni kəsmişəm. Görsəm ki, təklif yoxdur, məcburən yollarımız ayrılacaq.

- Yuri Matias komandaya gələn gündən lider funksiyasını yerinə yetirir ki, kapitan Emin Mahmudov sanki kölgədə qalır. İstər meydanda olsun, istərsə də azarkeşlərlə münasibətdə. Bu məqam Eminə və siz yerli futbolçulara nə dərəcədə təsir edir?

- Yuri yaxşı futbolçudur, ən əsası xarakteri var. Dediyiniz məqam mənə heç vaxt təsir etməyib. Bu adam meydanda can qoyur, istəklidir, belədə azarkeşlərin onu sevməsi normaldır. Bu cür hal yaşanırsa, əksinə, komanda olaraq sevinməli, Yuriyə dəstək olmalıyıq. “Filankəsi çox istəyirlər, məni yada salmırlar” kimi düşünsək, komanda olmarıq. Böyük klub olmaq üçün bu cür fikirləşmək lazımdır.

- Canni de Byazi millidəki yeni dönəmində sənə təklif göndərsə də, sonradan ehtiyac duymadı. Səbəb nə idi?

- Əslində, özü ilə danışmaq istəyirdim, lakin belə bir imkanım olmadı. Sonuncu toplanışlarda çağırılacağımı düşünürdüm. Pasportum qaydasında idi, viza açıldı və eşitmişdim ki, dəvət edəcəklər, amma etmədilər. Səbəbini özüm də bilmirəm.

- Danışsaydın, nə soruşacaqdın?

- Soruşacaqdım, məni niyə çağırmırsan?

- Millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır? Bu məsələdə sənin münasibətini bilmək maraqlıdır.

- Fikrimcə, yerli məşqçi daha yaxşıdır. Yerli məşqçi olsa və ona vaxt verilsə yaxşı olar. 6 ay, yaxud 1 il ərzində istədiyin hər şeyi həyata keçirmək mümkün deyil. Mütləq vaxt verilməlidir.

- Əksər futbolçular karyerasının sol illərini doğma şəhərinin komandasında keçirir. Əslən Tovuzdan olduğunu nəzərə alsaq, indiyə qədər sənə dəvət olubmu? Və ya, nə vaxtsa təklif olsa, cavabın necə olar?

- Təklif olub. Bir klubda mənə desələr ki, sənə ehtiyac yoxdur, o zaman gedərəm. Ona görə də “Neftçi”ni qoyub, lap üst səviyyəli klub da olsa getmərəm.

- “Qarabağa”a da?

- Lap “Qarabağ” olsun. Bu gün “Qarabağ”ın mənə ehtiyacı yoxdur. Böyük klubdur, hədsiz hörmətim var, amma mən “Neftçi”liyəm. Futbolçu karyeram bir tərəfə, hər şeydən əvvəl mən bu klubun azarkeşiyəm, bu kluba bağlıyam. Hətta “Keşlə”də icarədə oynayanda belə, stadiona gəlib “Neftçi”nin oyunlarına baxırdım. Hətta “Neftçi”yə qol vuranda sevinmirdim. Bu dərəcədə yəni.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA