COP29

Sumqayıtın deputatı "Sportinfo"ya "Sumqayıt"dan danışdı - - MÜSAHİBƏ

8 Dekabr 2023 21:20 Müsahibə 653
Sumqayıtın deputatı "Sportinfo"ya "Sumqayıt"dan danışdı -  - MÜSAHİBƏ

“Sumqayıt” Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”un qonağı oldu.

2:2 hesablı bərabərliklə bitən qarşılaşmanı izləyənlər arasında Milli Məclisin Sumqayıtdan seçilən deputatı Müşfiq Məmmədli də vardı.

Matçdan sonra millət vəkili Sportinfo.az-a müsahibə verib.

- İlk öncə Tovuz səfəri ilə bağlı təəssüratlarınız maraqlı olardı…

- Hər şey gözəl idi. Sərhəd bölgəmizdə bu səviyyədə stadionun saxlanılmasına görə həm Tovuz rayon, həm də "Hüner Group"un rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.

- Bəs oyunla bağlı nələr deyə bilərsiniz?

- Oyunla bağlı təəssüratlarım yüksək səviyyədədir. Bu cür yüksək səviyyədə oyun göstərməsinə görə tovuzluları təbrik edirəm. Kifayət qədər gərgin oyun keçdi. Son dəqiqələrə kimi mübarizə getdi.

- “Sumqayıt”ın çıxışından razı qaldınız?

- Əlbəttə. "Sumqayıt" bu mövsüm çox uğurlu nəticələr göstərir. Bu, bir sumqayıtlı kimi bizi də sevindirir. Gözəl oyun oldu. Hər iki komandanı da təbrik edirəm. "Sumqayıt" kifayət qədər yaxşı çıxış etdi. Lakin tovuzluların mübarizə əzmin ayrıca qeyd etmək lazımdır. Bütün oyunlarda çalışırıq iştirak edək. Bütün bunlar onu göstərir ki, idmana qoyulan sərmayə, göstərilən diqqət özünü doğruldur.

- İlk hissədə 2:0 qalib gəlməsinə rəğmən “kimyaçılar” fasilədən sonra öz qapısından 2 qol buraxaraq üstünlüyü əldən verdi. Bir xala sevindiniz, yoxsa qələbənin əldən çıxmasına üzüldünüz?

- Düşünürəm ki, "Turan"ın xüsusilə ikinci yarıdakı oyunun nəzərə alsaq, biz bir xal qazandıq.

- Sumqayıt futbol şəhəri kimi tanınır, amma klubu illərdi iddialılar sırasında ola bilmir. Bu yöndə hər hansı addımlar atmağı düşünürsüz?

- Müşahidə Şurasının yeni rəhbəri Elnur Məmmədli də görüşü izləyənlər arasında idi. Bu, artıq diqqətin əyani göstəricisidir. Təbii ki, iş adamları da dəvət etmək lazımdır.

- Yerli azarkeşləri əsas düşündürən bir başqa məqam da odur ki, komanda nə vaxt Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ev oyunlarını qəbul edə biləcək?

- Sumqayıt stadionu artıq təhvil verilib. Cənab Prezident açılışında iştirak etdi. Məndə olan məlumata görə, növbəti tur "Qarabağ" la oyunun orada keçirilməsi planlaşdırılır. Belə olarsa, bizim üçün iki qat bayram olacaq.

- Artıq məsələ tam dəqiqləşib?

- Bunu klub rəhbərliyi və AFFA daha dəqiq bilər. Bu, sadəcə məndə olan məlumat və arzudur.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"