COP29

“Vəssalam! Allah qoysa, hər şey yaxşı olacaq” - Bədavi Hüseynov

30 Noyabr 2023 21:20 Müsahibə 689
“Vəssalam! Allah qoysa, hər şey yaxşı olacaq” - Bədavi Hüseynov

Avropa Liqasının qrup mərhələsin 5-ci turunun "Molde" ilə görüşündən əvvəl "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Sportinfo.az-ın Norveçə ezam olunan əməkdaşına müsahibə verib.

- “Molde” ilə oyun öncəsi əhval-ruhiyyə necədir?

- Son dəfə millinin oyunundan sonra “Sabah”a qarşı oynadıq. Yaxşı oynadıq. Səhvlərimiz üzərində bu həftə çalışdıq. Yaxşı əhval-ruhiyyə ilə hazırlaşdıq. “Molde”nin gücünü bilirik. Ümidvaram ki, düşündüklərimizin hamısını edəcəyik.

- Bakıda “Molde”yə qarşı çox yaxşı oynamışdınız. Bu dəfə də eyni oyunu təkrarlamaq mümkün olacaq?

- Məncə, tamam fərqli matç olacaq. “Molde”yə qarşı Bakıda ilk turu oynamışdıq. Komanda risk etmirdi, ehtiyatlı oynayırdı. İndi isə onlar sürət yığıblar. Son iki matçlarına baxdıq, qalib gəldilər, çox sayda qol epizodları yaratdılar. Görünür ki, komanda yaxşı yöndə çox dəyişib. Ona görə biz gözləyirik və hazırlaşırıq. Bir nömrə ilə oynamaq lazımdır. Çünki dominantlıq etmək istəyirik. Oyuna baxarıq, görək necə alınacaq. “Molde” də yaxşı əks-hücum edir. Hər şeyi edəcəyik ki, ilk matçdakı kimi uğurlu oynayaq.

- Bərabərlik sizin üçün sərfəli hesab sayılacaq. Bu, meydanda sizə mane olmayacaq?

- Belə düşünmək yaxşı deyil. “Molde” ilə oyunda qələbə qazanmaq istəyirik. Məlum məsələdir ki, turnir cədvəlinə baxanda, heç-heçə də bizim üçün müsbət olacaq. Amma biz “Molde” ilə oyuna bu fikirlərlə gəlməmişik. Qalib gəlmək üçün oynayacağıq.

- Artıq 10 ildir ki, komanda avrokuboklarda qruplarda oynayır. Bu sizə böyük motivasiya verir ki, artıq ilk dəfə bunu edə bilərsiz?

- Təbii ki, bu bizim üçün böyük məsuliyyətdir. Azarkeşlərimizi, bizim üçün illərdir dəstək olan narahat olan insanları sevindirmək istəyirik. Özümüz də istəyirik ki, Avropa Liqasında pley-off mərhələsinə çıxaq. Amma bu bizə mane olmamalıdır. Soyuqqanlılıqla, soyuq başla oynamaq istəyirik. Məşqçimizin verdiyi tapşırığı yerinə yetirməyə çalışacağıq. Vəssalam. Allah qoysa, hər şey yaxşı olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"