"İstənilən komandada ağsaqqalın olması çox önəmlidir"

29 Noyabr 2023 19:20 Müsahibə 571
"İstənilən komandada ağsaqqalın olması çox önəmlidir"

"Qəbələ"nin kapitanı Asif Məmmədov "Turan Tovuz"u məğlub etdikləri (4:0) matç haqda Sportinfo.az-a müsahibə verib.

- İlk öncə oyunla bağlı nələr deyə bilərsən?

- Ağır oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Çoxdan bu qələbəni gözləyirdik. Olduğumuz yerə bizə xoş deyildi. Məncə, bu gün layiq olduğumuz qələbəni qazandıq. Əsl “Qəbələ” belə olmalıdır. Yavaş- yavaş özümüzə gəlirik, inşallah.

- 5 oyundan sonra qələbə qazanmaq mümkün oldu. Bunun üçün nələri dəyişmək lazım oldu?

- Milli fasilə bizə kömək oldu. Bəzi çatışmazlıqlarımız vardı ki, aradan qaldırdıq. Olduğumuz yer futbolçularımızı da məyus edirdi. Onlar da qəbul edirdi ki, belə çox getməz. Məsuliyyəti bir qədər də artırdılar. Bəlkə də bura gələndə bəzi legionerlərdə rahatçılıq vardı ki, rahat çempionata gəlmişik. Çıxıb rahat oynayacağıq. Amma gördülər ki, elə deyil. Əziyyət çəkməsən qələbə olmaz. Bütün məşqçi və futbolçu heyəti olaraq əziyyətimizin bəhrəsini gördük.

- Zədə səbəbindən uzun müddətdən sonra ötən tur qayıtdın. Cəmi bir tur sonra komanda belə inamlı qələbə qazandı. Düşünmürsən ki, geridönüş üçün sənin kimi təcrübəli birinə meydanda ehtiyac vardı?

- Bunu mən deyə bilməyəcəm (gülür). Kənardan baxanlar daha yaxşı bilər. Tək özümdən götürmürəm, amma istənilən klubda ağsaqqalın olması çox önəmlidir.

- Sonuncu pillədən qurtuldunuz. Amma yuxarı pillələrlə arada xal fərqi az deyil. Bugünkü qələbə həmin fərqi aradan qaldırmağa ümid verir?

- Ümid hər zaman var. Amma bu qələbə bizi aldatmalı deyil. Hər dəqiqə hər şey ola bilər. Ona görə də qarşıdakı matçalara bundan da yaxşı hazırlaşmaq lazımdır. Ki, yuxarı pillələrə qalxa bilək.

- Növbəti turda rəqib “Qarabağ”dır. Belə qələbədən sonra onlarla qarşılaşmaq yerinə düşdümü?

-Çox güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, xal alaq. Bu qələbədən sonra əhval –ruhiyyə yaxşıdır. Futbolda hər şey mümkündür. Bacardığımız nə varsa edəəcyik ki, meydandan xalla ayrılaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti