COP29

“Qarabağ“ı qarşısında gördü, danışdı: “İnanırdım ki, şans qazanacam“

28 Noyabr 2023 22:20 Müsahibə 815
“Qarabağ“ı qarşısında gördü, danışdı: “İnanırdım ki, şans qazanacam“

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev “Qarabağ”a məğlub olduqları (1:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı nələr deyə bilərsən?

- Kifayət qədər güclü rəqibə qarşı oynadıq. Rəqibin istər fiziki, istər mental, istərsə də funksional baxımdan yaxşı səviyyədə olduğunu bilirdik. “Qarabağ”ın həm Avropa Liqasında, həm də ölkə çempionatında sərgilədiyi futbol bu komandanın kifayət qədər yaxşı formada olmasını göstərir. Buna baxmayaraq, oyuna qələbə əzmi ilə çıxmışdıq. Bu matçdan qalib ayrılmaq istəyirdik. Məşqçilər heyəti həftə ərzində, bu oyuna hazırlıq prosesində rəqib barədə bizə ətraflı məlumat vermişdi. Fikrimcə, yaxşı oyun keçirdik. Hətta qalib də gələ bilərdik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Təəssüf ki, belə alındı.

- Yaxşı seyvlərlə yadda qaldın. Səncə, qələbə üçün komanda yoldaşlarında nə çatmadı?

- Ola bilsin, ilk hissədə penaltidən yararlanmamağımızın son nəticəyə təsiri oldu. Əvəzində, rəqib ikinci hissədə qazandığı 11 metrlik cərimə zərbəsindən yararlandı, daha sonra isə daha bir qol vurdular. Biz də qol vursaq da, yekun nəticədə məğlub olduq. Dediyim kimi, komanda olaraq yaxşı mübarizə apardıq. Ancaq hərdən futbolda belə hallar da olur. İndi bu matçda yol verdiyimiz səhvlərdən nəticə çıxarıb, qarşıdakı oyunlara köklənməliyik. İnanıram ki, qış fasiləsinə yaxşı pillələrdə yollanacağıq.

- Baş məşqçi Murad Musayev sənə iradı olmadığını bildirdi. Uzun müddət əsas heyətdə kənarda qalmağa rəğmən, belə ideal oyun keçirməyi necə bacardın?

- Mənə olan inama görə təşəkkür edirəm. Mən həmişə özümü tonusda saxlamağa çalışırdım.İnanırdım ki, ehtiyac olacağı təqdirdə şans qazanacam. Bundan sonra da komandamızn uğur qazanması üçün əlimdən gələni edəcəm.

- 14 turdan sonra 7-ci pillədə qərarlaşmaq sizi qorxutmur?

- Bu futboldur, hərdən bu cür hallar da yaşanır. Düzdü, hazırda 7-ci pillədəyik, lakin turnir cədvəlinə nəzər salsaq, ilk pillələrlə xal fərqimizin elə də çox olmadığını görərik. Bizi qarşıda bir çox oyun gözləyir. Fikrimcə, heç nə itirilməyib.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"