
“Qəbələ” Premyer Liqanın 14-cü turunu qələbə ilə başa vurdu.
Bölgə klubu doğma meydanda “Turan Tovuz”u darmadağın edib - 4:0.
Görüşün qəhrəmanı isə het-trik edən Bilel Auaşeriya olub.
Fransalı legioner Sportinfo.az-a müsahibə verib
- Parlaq oyun, əla qələbə barədə nələr deyə bilərsən?
- Özümü yaxşı hiss edirəm. Hər gün 3 qol vurmaq olmur. Əsas odur komandamız qələbə qazandı.
- Jurnalistləri bir xeyli gözləməli oldun. İlk dəfə belə hal yaşanır. 3 qolun sevinci idi, yoxsa...
- Xarakterim belədir. Danışmaq üçün söz vermişdim. Ona görə gözləməliydim.
- Karyeranda bundan əvvəl het-trik etmisən?
- Uşaq vaxtı olub. Peşəkar karyeramda ilk dəfədir.
- Bu qələbəni komandan üçün dönüş nöqtəsi hesab etmək olar?
- Ümid edirəm ki, belə olacaq. Bu gün qalib gəldik, amma əsas odur ardını gətirək.
- Turnir cədvəlindəki yeriniz üzərinizdə təzyiq yaratmır?
- Yox, bu, bizim işimizdir. Təzyiq hiss etmirik. Hər oyuna köklənib qalib gəlməliyik.
- Bu gün hücumda oynadın və alındı. Belə davam etmək istəyirsən?
- Baş məşqçinin istəyi belə oldu. Bundan sonra da harada məsləhət olsa çıxış etməyə hazıram.
- Özünü daha çox harada rahat hiss edirsən?
- Akademiya vaxtımdan vinger və "10 nömrə" mövqeyində oynamışam. Əsas hücumçu kimi də çıxış etmişəm. Heç bir fərqi yoxdur.
- İkinci qolunu rəqib azarkeşlərin yaxınlığında qeyd etdin. Məqsədin onlara qıcıq vermək idi?
- Əsla elə fikrim olmayıb. Bunu planlı şəkildə etməmişəm. Sadəcə daha yaxın nöqtə ora idi.
- Növbəti oyun "Qarabağ"a qarşıdır. Xüsusi motivasiya ilə meydana çıxacaqsız?
- İndiki durumda nəinki "Qarabağ"a, bütün rəqiblərə qarşı motivasiyalı olmalıyıq.
XANOĞLAN İMANOV