COP29

"Yeni baş məşqçi azərbaycanlıdırsa, yəqin ki..."

25 Noyabr 2023 14:20 Müsahibə 838
"Yeni baş məşqçi azərbaycanlıdırsa, yəqin ki..."

“Kəpəz”in portuqaliyalı legioneri Latir Fal Sportinfo.az-a müsahibə verib.

29 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan” üzərindəki qələbə haqda sualları cavablandırıb.

- 11 oyunluq qələbəsizlikdən sonra 1:0 hesablı qalibiyyətin dadı yəqin ki, fərqlidir.

- Gördüyünüz kimi, meydanda canımızı qoyduq. Bu uğursuzluğa nə vaxt son qoymalıydıq. Komanda daxilindəki vəziyyət yaxşı deyildi. Qələbə qazanmalıydıq ki, ab-havanı nisbətən yaxşılaşdıraq. Əldə etdiyimiz 3 xala xüsusi qalibiyyət deyə bilərəm. Sonuncu pillədən qurtulacağımıza ümid edirəm.

- Bu oyunun əvvəlki 11 matçdan fərqi nə idi? Həmin görüşlərdə niyə bu cür oynamırdınız, qalib gələ bilmirdiniz?

- İnanın, həmin oyunlara da qələbə üçün çıxırdıq. Komandanın sonuncu yerdə olması heç bir futbolçuya xoş deyil. Çalışırdıq uğursuzluğa son qoyaq. Ancaq alınmırdı, sanki nəsə çatmırdı. Bu gün komanda şəklində yaxşı mübarizə apardıq, ən vacibi müdafiədə diqqətli davrandıq.

- Məncə, bu qələbədə psixoloji amil xüsusi rol oynadı. Razısan?

- Sizinlə razıyam. “Araz-Naxçıvan” da ötən tur bizim kimi uduzmuşdu. Hər iki komandada sarsıntı var idi. Ona görə də açıq futbol gedirdi. Onlar qol vurmaq üçün hücuma atılırdı və belədə müdafiədə səhvlərə yol verirdilər. Fikrimcə, bu gün bizdəki motivasiya və qələbə əzmi daha çox idi.

- Qələbə qazandınız, üstəlik, komandanıza yeni baş məşqçi təyin olunacaq. Yeni dövr başlayır. Nə gözləyirsən?

- Bu barədə indidən nəsə demək çətindir. Yeni baş məşqçini görməmişəm, tanımıram. Yəqin ki, yeni futbol fəlsəfəmiz, fərqli oyun üslubumuz olacaq. Qələbənin davamını gətirməyə çalışacağıq. Əsas odur hazırkı əhval-ruhiyyəni qoruyub-saxlayaq.

- Mövsümün ortasında oyun üslubunu dəyişmək çətin olmayacaq?

- Sözsüz, bu cür hallar müəyyən çətinliklər yarada bilər. Uğur istəyiriksə, hər şeyə dözməli, öyrəşməliyik. Qarşıda milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Bu müddətdə baş məşqçinin bizi, bizim isə onu tanımağımız üçün yaxşı imkandır. Hansısa problem yaşayacağlmızı düşünmürəm.

- “Araz-Naxçıvan”la matçda sanki futbolçular özlərini həm də yeni baş məşqçiyə göstərməyə çalışırdılar.

- Yox-yox, bu barədə qəti düşünmürdük. Bizi ən çox narahat edən son iki görüşdə böyük hesabla məğlub olmağımız, qapımızda 11 top görməyimiz idi. Əsasən bu uğursuzluqları unutdurmağı düşünürdük. Yeni baş məşqçi azərbaycanlıdırsa, yəqin ki, çempionatı izləyir, futbolçuları tanıyır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"