COP29

“Bayer”in ulduzu “Sportinfo“ya MÜSAHİBƏ VERDİ, “Qarabağ”dan danışdı

12 Noyabr 2023 16:30 Müsahibə 6 357
“Bayer”in ulduzu “Sportinfo“ya MÜSAHİBƏ VERDİ, “Qarabağ”dan danışdı

“Bayer”in futbolçusu Viktor Bonifeys Sportinfo.az-a müsahibə verib.

“Qarabağ”la matçda penaltidən vurulan yeganə qolun müəllifi olan nigeriyalı forvard məlum qarşılaşma ilə bağlı sualları cavablandırıb.

- Nə gözləyirdiniz, yekunda nə əldə etdiniz?

- Leverkuzendə 5:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, burada bizi çətin oyun gözlədiyini bilirdik. Hər şey düşündüyümüz kimi oldu. Rəqib 90 dəqiqə pressinq etməklə istədiklərimizi rahat şəkildə həyata keçirməyə imkan vermirdi. Vacib olan qələbə idi ki, onu da qazandıq. Almaniyaya önəmli 3 xalla qayıdırıq.

- Son dəqiqələrə qədər hesab 0:0 idi. Həmin anlarda “Bayer”in 10 oyunluq qələbə seriyasının qırılacağından ehtiyatlanırdın?

- Qələbə qazanacağımıza əmin idim. Tabloya baxdım, 87-ci dəqiqə idi, komanda yoldaşlarıma dedim ki, qol yetişir, vurmaq lazımdır. Hansısa narahatlıq yox idi, açığı.

- “Qarabağ” haqda fikirlərini eşitmək maraqlıdır.

- Çox yaxşı komandadır. Döyüşürlər, topla oynamağı sevirlər. Bugünkü oyundan həzz aldığımı deməliyəm. Əlavə olaraq şəhərinizi də çox bəyəndim.

- Oyunun gedişində bu komandanı iki həftə öncə 5:1 hesabı ilə məğlub etdiyinizi düşünüb təəccüblənirdin?

- Bura gələndə 5:1-i unutmuşduq. Və bilirdik ki, “Qarabağ” öz meydanında doğma azarkeşlərinin qarşısında xoş təsir bağışlayır. Ona görə də təəccüblü heç nə yox idi. Futbol da həyat kimidir, bu gün buraxdığın səhvləri sabah etmirsən. Rəqib ilk matçdakı boşluqlardan nəticə çıxarmışdı.

- Oyunun qəhrəmanına çevrildiyin anı xatırlayaq. Hakim “nöqtə”ni göstərəndə baş məşqçidən zərbə vurmaq tapşırığı gəldi, yoxsa özün inamla topa yaxınlaşdın?

- Qol vurmaq üçün alışıb-yanırdım. Bir neçə dəfə fərqlənmək imkanım olsa da, alınmamışdı. Ona görə də hakim penalti qərarını verən kimi topa yaxınlaşdım. Topu qapıya göndərəcəyimdən əmin idim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!