
“Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la matç (0:2) haqda Sportinfo.az-a müsahibə verib.
- Niyə məğlub oldunuz?
- Çətin oyun keçdi. “Sumqayıt” hazırda yaxşı formadadır. Son oyunda da qələbə qazanmışdılar. Ciddi hazırlaşmışdıq, təəssüf ki, sonda onlar sevindi.
- “Qarabağ” üzərində qələbədən sonra sizdən gözləntilər daha da çoxalmışdı. Belədə məğlubiyyət sizi şoka salmadı?
- Yox, şok olmadıq. Bu, futboldur, udmaq olduğu kimi uduzmaq da var. Qələbə üçün çox çalışdıq. Əfsuslar olsun ki, alınmadı.
- Sizdə alınmadı, yoxsa rəqib daha yaxşı oyun keçirdi?
- Həm bizdə nələrsə alınmadı, həm də “Sumqayıt”da çox şey yaxşı alındı. İki qolu da standart vəziyyətdən sonra vurublar.
- Azər müəllim durumunun yaxşı olmadığını bildirdi. Özünü necə hiss edirsən?
- Əslində pisəm. Oyundan bir gün əvvəl zəhərlənmişdim. Bəlkə də narahat olmağım kənardan da hiss olunurdu.
- Bu şərtlər altında meydan çıxmağı özün istədin, yoxsa Azər müəllim?
- Mən futbolçuyam, işim budur. Qərar oldu ki, oynamalısan. Mən də özümü hazır hiss edirdim. Lakin meydanda gördüm ki, tam o deyiləm. Kömək etmək üçün mübarizə aparırdım. Bu gün alınmadı, inşallah gələn oyun alınar.
- Belə məğlubiyyətdən sonra növbəti matçlara kimi toparlanmaq çətin olmayacaq?
- Yox, çətin olmayacaq. Hər oyuna ciddi hazırlaşıb qələbə qazanmaq istəyirik. Bu oyunda alınmadısa, dərs çıxarıb və daha yaxşı hazırlaşaraq növbəti turda qələbə qazanarıq.
XANOĞLAN İMANOV