COP29

Gürcüstanlı əfsanənin şəxsən tapşırıq verdiyi azərbaycanlı forvardla MÜSAHİBƏ

30 Oktyabr 2023 19:40 Müsahibə 2 608
Gürcüstanlı əfsanənin şəxsən tapşırıq verdiyi azərbaycanlı forvardla MÜSAHİBƏ

Yusuf Mehtiyev 2006-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Valideynləri də əslən azərbaycanlı olan həmyerlimiz futbolun sirlərini "Rustavi"də öyrənməyə başlayıb.

İndi isə karyerasını qonşu ölkənin ən titullu klubu hesab olunan "Dinamo"nun (Tbilisi) akademiyasında davam etdirir.

Jurnalistlərdən ibarət Azərbaycan millisi ilə Gürcüstanda səfərdə olan bəndəniz bu ölkənin U-17 millisində də çıxış etmiş Mehtiyevlə söhbətləşməyi qərara aldım.

Təxminən 4 saatlıq dərdləşməyin ardınca, təbii ki, istedadlı forvardla müsahibə etməyə bilməzdim.

- Yusuf, "Rustavi"də futbolun sirlərin öyrənməyə başlamısan. Maraqlıdır, burada həmin sirlər necə öyrədilir? Məşqçilərin yanaşması necədir?

- Müəyyən sistem var və məşqçilər o xətt üzrə hərəkət edirlər. Məsələn, əsas komanda hansı sistemdə çıxış edirsə, aşağı yaş qrup komandalar da həmin dəsti-xəttlə davam edir. Çalışırlar kimdə talant, istək var onu irəli çəksinlər. Yaxşı məşqçilər olduğunu deyə bilərəm.

- Azərbaycan futbolunda ən böyük problem uşaq futboludur. Məsələn, maaşlar az olduğu üçün məşqçilər bəzən 3 yerdə çalışmalı olur. Burada o baxımdan durum necədir?

- Təxminən eyni cür hallar burda da var. Amma çox deyil. Heç də məşqçilər üçün lüks şərait yoxdur. Amma hər şeyə rəğmən məşqçilər uşaqların, komandaların inkişafı üçün çalışırlar.

- Bəs imkanlı uşaqlara, tanınmış şəxslərin övladlarına xüsusi münasibət bəslənir?

- Açığı, "Rustavi"də belə hallarla rastlaşmamışam. Kim daha yaxşıdırsa ona yol açıqdır.

- Gürcüstan futbolunun avropada sanballı nümayəndələri hər zaman olub. Bəs bu ölkə ilə qonşu olan Azərbaycanda oxşar nümunələri niyə görə bilmirik?

- Məncə, burada uşaqların çoxunda talant doğuşdan var. Uşaq yaşlarından bu əlamətlər sezilir.

- U-17 millimizə qarşı oynamısan. Qarışıq hisslər keçirmədin?

- Bəli, qəribə hisslər idi.

- Klub futbolunda gürcüstan birmənalı Azərbaycan təmsilçilərinə uduzur. Xüsusilə "Qarabağ" arada ciddi uçurum yaradır. Səbəb nədir?

- Məncə, burada istedadlı uşaqlar ən qısa zamanda ölkə xaricinə gedir. Maddi məsələnin də rolu var. Məsələn, Azərbaycanda "Qarabağ" parlayan istedadlı gəncləri ala bilir, lakin Gürcüstan klubları bunu edə bilmir.

- Azərbaycan millisində oynamaq fürsətin olmadı, yoxsa özün istəmədin?

- AFFA-dan 1-2 dəfə təklif olub. Bir dəfə bunun baş tutmasına zədəm mane olub. Müəyyən başqa problemlər də hələki istəyimə imkan verməyib.

- Oynamaqda qərarlısan?

- Əlbəttə.

- Bəs klublarımızdan təklif almısanmı?

- Yalan nə deyim. Heç vaxt təklif olmayıb.

- Gürcüstan aşağı yaş millilərinə dəvət almısan, adlı-sanlı "Dinamo"da çıxış edirsən. Maraqlıdır, Azərbaycandan hələ də təklif gəlməməsi, diqqət göstərilməməsi səni üzmür?

- Əlbəttə, üzür. Azərbaycanda, xüsusilə "Qarabağ"da oynamaq istərdim. Lakin əsas hədəfim Avropa klublarına getməkdir. Daha çox milli komandamızda ola bilməmək məni üzür.

- Gürcü məşqçilərin sənin gələcəyinlə bağlı düşüncələri necədir?

- Tipik "9 nömrə" olduğumi deyirlər. Belə davam etsəm hər şeyin mənim üçün yaxşı olacağını düşünürlər. Hətta top səviyyəyə yüksələ biləcəyimə inanırlar.

- Dünyaca məşhur gürcüstanlı futbol veteranları var. Bu gün əksəriyyəti Gürcüstan futbolunda önəmli vəzifələrdə yer alırlar. Arasında şəxsi münasibətin olanlar var?

- Üz-üzə ünsiyyətim olmayıb. Amma haqqımda məlumatlı olduqların bilirəm?

- Necə?

- Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili oyunların birində məşqçilərə mənim barədə tapşırıq verib.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"