COP29

“Qarabağ”ın sevilən siması ilə təyyarədə üz-üzə: “Həyat yoldaşım mənə hirslənir”

28 Oktyabr 2023 20:40 Müsahibə 5 634
“Qarabağ”ın sevilən siması ilə təyyarədə üz-üzə: “Həyat yoldaşım mənə hirslənir”

“Qarabağ”ın əsas fiqurlarından olan Julio Ronao ilə danışmaq, əsasən futboldankənar mövzularda marağımda olan suallara cavab tapmaq üçün uyğun vaxt axtarırdım.

Və həmin zaman kəsiyi “Bayer Leverkuzen” – “Qarabağ” matçı üçün bizi Bakıdan Kölnə aparan təyyarədə baş tutdu.

Braziliyalı yarımmüdafiəçi suallara əvvəldən razılaşdırdığımız kimi səmimi cavab verməyə çalışdı.

Romao ingilis dilində səlis danışa bilmədiyindən, yarım saatlıq müsahibəni portuqalcadan Azərbaycan dilinə çevirən klubun tərcüməçisi Elvar Quliyevə xüsusi minnətdarlığımı bildirirəm.

- Bəzi futbolçuların təyyarə fobiyası olur. Bu, səndə necədir?

- Nə gizlədim, təyyarəyə ilk mindiyim vaxtlarda qorxum var idi. Bu gün belə bir qorxum yoxdur. Uzun müddət təyyarədə uçmağın fanatı deyiləm. Amma nə etməliyik, işimizdir, qəbullanmalıyıq.

- Təxminən 5 saat havada olmaq, sonra da “Bayer Leverkuzen” kimi rəqibə qarşı səfərdə meydana çıxmaq orqanizmə təsir edir?

- Səfərlərə adətən oyundan iki gün əvvəl yollanırıq. Məşqçilər heyəti bunu yəqin ki, dediyiniz məsələyə görə hesablayıb. Matçdan iki gün əvvəl çatırıq və ertəsi bərpa üçün vaxtımız olur.

- Azərbaycanda özünü necə hiss edirsən? Rahatlığın istədiyin səviyyədədir?

- “Qarabağ”dan dəvət alanda Azərbaycan haqda geniş məlumatlara sahib deyildim. Sadəcə, dünyada bu adda ölkənin olduğunu bilirdim. Bakıya gələndən sonra gördüklərimə yaxşı mənada təəccübləndim. İstər ölkə olsun, istərsə də “Qarabağ”da şikayətlənəcəyim hansısa məqam yoxdur. “Qarabağ”da bütün işlər peşəkar səviyyədə qurulub, futbolçuların rahatlığı üçün hər cür şərait yaradılıb. Bakı isə istənilən əcnəbinin yaşamaqdan zövq alacağı şəhərdir.

- Bakını Braziliyanın hansı şəhəri ilə müqayisə edə bilərsən?

- Azərbaycanla Braziliya tam fərqli görünüşə və mentalitetə malik ölkələr olduğundan, ağlıma müqayisə etmək üçün şəhər gəlmir.

- Tıxaclar yerli insanları çox yorur. Bu məqam səni də narahat edir yəqin.

- Bakı aparıcı paytaxt şəhərləri ilə müqayisədə çox da böyük deyil. Amma bu boyda şəhər üçün avtomobillərin sayı həddən artıq çoxdur. Özüm də görürəm ki, adamlar motosiklet və velosiped istifadə etməkdə maraqlı deyil. Məşqlərimiz uyğun vaxtda olur deyə, bazaya gedib-gələndə tıxaca düşmürük. Yalnız axşam saatlarında şəhərin mərkəzinə gedəndə tıxaclarda çox vaxt keçirməli oluruq. Bu da həmişə olmur.

- Yəqin ki, çox tələsəndə əksəriyyət kimi yol qaydalarını pozursan.

- Tez-tez etməsəm də, bəzən olur (gülür). Bəzən həyat yoldaşım sürətli və intizamsız sürdüyümə görə hirslənir.

- Yol polisi saxlayanda nə deyirsən? Cərimə yazırlar?

- Sağ olsunlar, güzəşt edirlər. Elə edirəm ki, saxlamasınlar. Ancaq saxlayanda, “Qarabağ”da oynadığımı, vacib işimin olduğunu, ya da məşqə tələsdiyimi bildirirəm. Məni saxlayan polis futbol həvəskarıdırsa, buraxır. Eləsi də olur ki, heç nəyə baxmır, cərimə yazır.

- İki il əvvələ qədər Portuqaliyanın ikinci liqasında oynayırdın. Azərbaycana gələndən sonra ölkə çempionu oldun, Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı qazandın. “Qarabağ” adı futbolçu karyeran üçün hansı anlamı verir?

- Karyeramı tunelə bənzədsək, “Qarabağ” həmin tuneldə işıq rolunu oynadı. Hər bir futbolçu karyerasına ümidlə başlayır, gələcəkdə böyük ada sahib olmaq istəyir. Bəzilərində alınır, bəzilərində yox. Yəni həmin an gələcəkdə nə baş verəcəyini bilmirsən, qaranlıq olur. “Qarabağ”a gəlişimlə mən özümü yenidən kəşf etdim. Bura gələndən sonra özümə inamım artdı, bacarıqlarıma olan baxışım dəyişdi. Portuqaliyada oynayanda nələrə sahib olduğuma bu qədər bələd deyildim, bəlkə də böyük zirvələri düşünmürdüm. Ancaq indi daha artığını edə biləcəyimə əminlik var içimdə.

- Demək ki, “Santa Klara”nın formasını geyinəndə nə vaxtsa avrokuboklarda “Bayer Leverkuzen”ə oynayacağını təsəvvür etmirdin.

- Əslində, arzularım həmişə mənimlə olub. Nə gizlədim, avrokubokların qrup mərhələsində güclü komandalara qarşı oynamağı hər zaman xəyal edirdim. Ən pis vaxtlarımda belə, xəyallarımdan əl çəkmirdim, ümidimi itirmirdim. Amma bu, sadəcə xəyal idi. Allahıma şükür edirəm ki, “Qarabağ”a gəlişimdən sonra bu arzum reallaşdı.

- Səni “Qarabağ”dan nə ayıra bilər? Asiyalıların milyonları, yoxsa Avropanın tanınmış klubunun təklifi?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"