“Sabah”ın nigeriyalı hücumçusu Cesse Sekidika Sportinfo.az-a müsahibə verib.
Sabiq “Qalatasaray”lı Premyer Liqanın 10-cu turunda “Sumqayıt”ı 3:1 hesabıyla məğlub etdikləri qarşılaşmadan da danışıb.
- 7 oyunluq qələbə həsrətinə son qoymaq çətin olmadı?
- “Sumqayıt”la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Düşündüyümüz kimi də oldu. Ancaq komanda olaraq yaxşı mübarizə apardıq və sonda qalib gəlməyi bacardıq. Fikrimcə, qələbəyə layiq idik.
- 3 gün sonra bu rəqiblə yenidən oyun keçirəcəksiniz. Belə tezlikdə eyni rəqiblə iki oyun keçirmək ağır olmayacaq?
- Hər oyun bir-birindən fərqli olur. Fərqli olmayan yalnız bu komanda ilə səfər oyununun da çətin keçəcəyidir. Lakin biz bu qarşılaşmadan da 3 xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik.
- Baş məşqçi bildirmişdi ki, özümüzə gəlmək üçün bizə bir qələbə lazımdır. Səncə, bu qələbə uğurun başlanğıcı ola bilər?
- Bəli razıyam. Bizə uğursuz seriyaya son qoymaq üçün 1 qələbə lazım idi. Fikrimcə, “Sumqayıt”la son matçdakı qələbə bizim üçün çox vacib idi. Bu qələbə komandada özünəinamın qayıtmasına və qarşıdakı matçlara daha motivasiyalı olmağımıza səbəb olacaq.
- Artıq 5 oyunda meydana çıxmısan. Yeni liqaya alışa bilmisən?
- Bəli, artıq liqaya uyğunlaşmışam. Oyundan-oyuna daha yaxşı olacağımı düşünürəm.
XANOĞLAN İMANOV

