“Kəpəz”in yeni transfer Adama Niane Sportinfo.az-ın suallarını cavablandırıb.
Malidən olan 30 yaşlı hücumçu Azərbaycan mətbuatına verdiyi ilk müsahibədə komandasının “Zirə” ilə oyunu barədə fikirlərini səsləndirib, ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.
- Premyer Liqada ilk oyuna çıxdın. Fikirlərini eşitmək maraqlıdır.
- Meydana sonradan çıxsam da, komandama kömək etməyə çalışdım. Sözsüz, qələbə yaxşı olardı, amma liderlə bərabərə qalmaq da, fikrimcə, yaxşıdır. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onların tribunada olması bizə ruh yüksəkliyi verir. Özümə gəlincə, daha çox oynamaqla daha çox fayda verməyə çalışacağam.
- 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Reallıqları nəzərə alsaq, məncə, 1 xal qazandıq. Rəqibin oturuşmuş heyətə sahib olması oyunda hiss olunurdu. Amma istənilən halda meydana qələbə üçün çıxdığımızı deməliyəm.
- “Kəpəz”dəki hədəfin nədir? Bura nə üçün gəlmisən?
- Hücumçuyamsa, işim qol vurmaq, qol ötürməsi verməkdir. Məqsədim budur. Təcrübəmdən istifadə etməklə komandama və komanda yoldaşlarıma kömək etmək istəyirəm.
- Hücum xəttində Abdullahi Şuaybu var. Azarkeşlər onu xilaskar rolunda görür, məşqçilər heyəti daim güvənir. “11-lik”də özünə yer etmək çətin olmayacaq?
- Söhbət futboldan gedirsə, burada mütləq rəqabət olmalıdır. Böyük klublara baxın, heyətdəkilərin hamısı ulduzlardır. Kim hazırdırsa, kim daha çox fayda verə bilirsə, həmin an ona şans verilir. Və ya bu gün ehtiyatda qalan sabah əsas heyətdə yer alır. Abdullahi gənc, perspektivli və sürətli futbolçudur, ilk gündən diqqətimi çəkib. Mən öz təcrübəmlə ona kömək etməyə çalışacağam.
- “Kəpəz”dən dəvət alanda Azərbaycan futbolu haqda nə kimi məlumatlara sahib idin?
- Vaxtilə eyni liqada oynadığım Abdullah Zubirlə tanışlığım var. İllər öncə o, Liqa-2-də “Lans”ın, mən isə “Troya”nın formasını geyinirdim. Bir-birimizə rəqib qismində çıxış edirdik. Zubirlə danışanda mənə Azərbaycan haqqında xoş fikirlər söylədi. Ardınca baş məşqmizlə söhbətim oldu və tərəddüd etmədən bura gəldim. Açığı, Fransadan da təklifim var idi. Amma mən Premyer Liqada oynamağı və karyeramda yeni səhifəni hədəf seçdiyimdən “Kəpəz”ə gəldim.
HƏBİB

