“Cəbrayıl” İkinci Liqanın 7-ci turunda böyük hesablı qələbəyə sevindi.
Paytaxtda məskunlaşan bölgə təmsilçisi “Dinamo” üzərində 6:0-lıq parlaq qələbə qazanmaqla liderlərin sırasına qayıtdı.
Komandanın baş məşqçisi Cavid Hüseynov Sportinfo.az-ın suallarını cavablandırıb.
- Premyer Liqadan sonra İkinci Liqa təmsilçisini çalışdırmaq necə hisdir? Özünüzü işə necə motivasiya edirsiniz?
- Əlbəttə, arada böyük fərq var. Premyer Liqa ilə İkinci Liqa arasında fərqin olduğunu hamımız bilirik. Bildiyiniz kimi, qarşıda məni A kateqoriyalı məşqçi kursları gözləyir. Düşündüm ki, bu variant mənim üçün idealdır. Açığı, bu dərəcədə olacağını gözləmirdim.
- Nə mənada?
- İkinci Liqada iddiaçılar arasında bu qədər komandanın olacağını təsəvvür etmirdim. İddialı komandaların sayı çoxdur, işlərinə çox ciddi yanaşırlar. Turnir cədvəlinə baxanda gərgin mübarizənin keçdiyini görürük. Qarşıdakı dönəmlərdə çempionatın gərginliyi bir az da artacaq.
- “Cəbrayıl”ın məqsədi nədir?
- İndidən hədəf haqda danışmaq tezdir. Futbolçulardan istəyim komanda şəklində inkişaf etməyi bacarmaqdır. Məşqlərdə çəkdiyimiz əziyyəti, qurduğumuz planları oyun zamanı həyata keçirmək əsas prioritetdir. Bu gün üçün məqsədimiz oyun göstərməkdir. Bunu istədiyimiz kimi bacarandan sonra hədəf haqqında düşünmək olar.
- “Baku Sportinq”, “Göygöl”, “Sheki City” kimi komandalar yüksək yerlər uğrunda oynayır. Onlarla mübarizə aparmaq çətin olmayacaq?
- “Füzuli”, “Şahdağ”, “Qusar” kimi komandaları da siyahıdan silə bilmərik. Dediyim kimi, hazırda əsas diqqəti oyunumuzu yaxşılaşdırmağa, istədiyimiz səviyyəyə çatdırmağa ayırmışıq. Gələcəkdə yerlər haqda düşünmək, hansı rəqiblərlə mübarizə aparmaq haqda düşünə bilərik.
- Millinin Estoniya ilə matçına baxdınız?
- Bəli.
- Təsadüfi qələbə idi, rəqib zəif idi, yoxsa millimiz artırıb?
- Bir neçə il əvvəl demişdim ki, Azərbaycan futbol tarixində iki nəsil güclü olub, biri indiki nəsildir. Mən bu sözləri deyəndə ökə xaricində bu qədər legionerimiz yox idi. Həqiqətən bu uşaqların potensialı yüksəkdir. Texniki bacarıqları yüksəkdir, tez düşünür, tez qərar verirlər, sürətli oynamağı bacarırlar. Bu fikirləri Estoniyanı udmuşuq deyə səsləndirmirəm. Hazırkı heyətlə çox yaxşı nəticələrə imza atmaq olar.
HƏBİB

