AFFA-nın təşəbbüsü ilə Birinci Liqa ilə Əvəzedicilər Liqasının ayrılması, üstəgəl, İkinci Liqanın yaradılması yerinə düşdü.
Premyer Liqada özünə yer tapa bilməyənlər Birinci Liqada oynamaq imkanı qazandısa, Birinci Liqadan kənar qalanlarla Region Liqasında parlayanlar İkinci Liqada cəmləndi.
Hazırda bu liqalarda top qovan kifayət qədər maraqlı personalar var.
Belələrindən biri də vaxtilə “Bakı”nın akademiyasında yetişən və xoş gələcək vəd edən, gənc yaşlarında Premyer Liqa həyəcanı yaşayan, Portuqaliya “Louletano”sunda legioner həyatı yaşayan Valeh Seyidovdur.
Tanınmış futbol funksioneri Yaşar Seyidovun oğlu olan 27 yaşlı hücumçu hazırda dünyaca tanınmış şirkətdə çalışmasına baxmayaraq, yenidən futbol oynamağı qərara alıb.
7 oyunda vurduğu 6 qolla “Dinamo”nun bombardiri olan Seyidovla “Cəbrayıl”a 0:6 hesablı məğlubiyyətdən sonra söhbətləşdik.
- Ağır yenilginin səbəbindən başlayaq.
- Başlıca səbəb vahid heyətimizin olmamasıdır. Komanda tam komplektləşməyib deyə hər dəfə bir heyətlə oynayırıq. Məşqçilər heyəti çıxış yolu tapmaq üçün futbolçuları fərqli mövqelərdə sınayır. “Cəbrayıl” güclü rəqibdir, tam hazır olmamağımız da sonda bu cür hesaba səbəb oldu.
- Çempionatın qızğın vaxtıdır. Bundan sonra ehtiyac duyulan futbolçuları haradan tapacaqsınız?
- Bilirəm, gecikmişik. Hazır və bacarıqlı futbolçuların hamısı özünə komanda tapıb. “Dinamo”nun çempionatın startına iki həftə qalmış oynayacağı bilindiyindən bu cür vəziyyət yarandı. Onsuz da heyətimiz kasad idi. Bu azmış kimi, əsas heyətin iki üzvünü hərbi xidmətə yola saldıq.
- “Dinamo”nun qarşısına hansı hədəf qoyulub?
- Mövsümü ilk “3-lük”də başa vurmaq. Açığı, ən azından ikinci yeri tutub Birinci Liqaya yüksəlmək üçün pley-offda oynamaq istəyirik.
- Mümkün görünür?
- İndiki durumda çətin görünür. Amma qarşıdakı vaxtımız çoxdur.
- İndiyə qədər 6 qol vurduğunu nəzərə alsaq, fərd olaraq sənin hədəfin nədir? Bombardirlik hədəfin var?
- Təbii ki, əsas məqsədim komandama kömək etməkdir. Amma bombardir olmaq hədəfim də var. Bunu qarşıma məqsəd qoymağım mənə əlavə motivasiya verir.
- Böyük futboldan uzaq düşmüsən. Bəs, nə işlə məşğulsan?
- Dünyanın ən böyük konsaltinq şirkətlərindən olan “Deloitte”də çalışıram. Üç ilə yaxındır bu şirkətdə auditor vəzifəsində işləyirəm.
- Yəqin ki, işinə görə mütəmadi məşq edə bilmirsən.
- Elədir. İşə görə həftədə 1-2 məşqi buraxmaq məcburiyyətində qalıram.
- Kifayət qədər prestijli işdə çalışdığını nəzərə alsaq, səni İkinci Liqada oynamağa kim və ya nə məcbur edir? Klubun rəhbəri olan atan Yaşar Seyidov, yoxsa futbol sevgisi?
- Futbola olan marağım 5 yaşımda necə idisə, bu gün də elədir. Yəqin ki, bu cür də davam edəcək. Ortaya belə bir söhbət çıxanda fiziki durumuma baxdım. Gördüm ki, gücüm var, kömək edə bilərəm. Həm komandama kömək edirəm, həm də fiziki formamı qoruyuram.
- Böyük futbolda “böyüməyinə” nə mane oldu?
- Səbəblər çoxdur. Ailəvi problemlər oldu, futboldan qaynaqlanan səbəblər var idi, bəzən də deyə bilmədiyim şəxsi məsələlər rol oynadı. Portuqaliyadan Bakıya qayıdanda təhsil aldığım universitetdə son ilim idi. Düşünürdüm ki, ali məktəbi başa vurub yenidən qayıdaram, karyeramı Avropada davam etdirərəm. Həmin ərəfədə mənə Azərbaycanda oynamaq şansı yaradılmadı. Ondan sonra tədricən soyudum, uzaqlaşdım.
- Sirr deyilsə, ailəvi problem nə idi?
- Ailə qurmaq yaşım çatmışdı. Uzun müddətdir bu barədə evdə söhbət gedirdi. Futbolda nəyəsə nail ola bilməyəcəyimi düşünüb ali təhsilim üzrə ixtisasımın arxasınca düşdüm.
- Ölkə futbolunda hücumçu qıtlığını nəzərə alsaq, indi öndə gedən futbolçulardan biriydin bəlkə də.
- O vaxt özümə hədsiz inamım vardı. Ətrafımdakılardan eşidirdim ki, potensialım var, fiziki göstəricilərim yaxşıdır. Ölkənin ən güclü futbolçularından biri olacağıma inanırdım və bunun üçün səylə çalışırdım. Rəsul Babazadə var idi, o da yaxşı yerlərə gələ bilərdi. “Bakı” Futbol Klubu tarixin yadddaşına köçəndən sonra bizə yaxın duran tapılmadı. Klublar öz oyunçularını oynatmaq istədilər deyə biz kənarda qaldıq.
- “Bakı” “yaşasaydı”, hər şey fərqli ola bilərdi?
- “Bakı” dağılmağa doğru gedəndə 17-18 yaşım var idi. Belə deyim, ən yaxşı vaxtlarım idi. O zaman şans verən lazım idi ki, oynayım, inkişaf edim. Mənə gələn təkliflər də atamın üzərindən gəldiyindən xəbərim olmurdu. Ona görə də “Bakı”nın son gününə qədər komandada qaldım. Premyer Liqadan sonra Birinci Divizionda, Həvəskarlar Liqasında, daha sonra Region Liqasında oynadım. Ardınca Portuqaliyaya gedib-qayıtdım, şans verən tapılmadı və beləcə futboldan uzaq düşdüm.
HƏBİB / SPORTİNFO.AZ

