Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını arxada qoydu.
Doğma meydanda Avstriya yığmasın qəbul edən Canni De Byazinin yetirmələri sonda 0:1 hesablı məğlubiyyətə üzülməli oldu.
Qarşılaşmadan sonra millimizin yhücumçusu Musa Qurbanlı Sportinfo.az-a müsahibə verib.
- Asvtriyaya 0:1 hesablı məğlubiyyəti necə dəyərləndirirsən?
- Düşünürəm ki, yaxşı mübarizə apardıq. Bu cür rəqiblə layiqli oynadıq. Çalışırdıq ki, hücumlar quraq, topla oynayaq. Düzdür, bəzi top itkilərimiz oldu. Bu da normaldır. Çünki biz arxadan topla çıxmağa çalışırdıq, burda çətinlik yarandı. Sonda yaxşı şansımız oldu ki, qol vuraq, amma alınmadı. Ən azından fərqlənib 1 xal əldə edə bilərdik. Çalışırıq ki, başımız dik gəzək, növbəti oyunlarda daha yaxşı olsun.
- Estoniya və Avstriya ilə matçı nəzərə alsaq, çox az meydanda oldun. Bu səni narahat etmir?
- Yox, qətiyyən narahat etmir. Mən öz üzərimdə işləyirəm, çalışıram. Daha yaxşı formada olmaq istəyirəm. Üstəlik, nəzərə alaq ki, hücum xəttimiz genişdir. Bir neçə yaxşı forvard var. Onlar da legioner həyatı yaşayırlar. Xarici klubda çıxış etmək də o demək deyil ki, mütləq meydana çıxmalısan. Həm də qarşıda çox vaxtım olacaq millidə oynamaq üçün. Uzun bir yol gözləyir məni. Narahat deyiləm.
- Oyunun ən təhlükəli epizodu sən meydana daxil olduqdan sonra yarandı. Meydanda daha çox olsaydın, daha inamlı milli görə bilərdik?
- Bu futboldur və onu demək olmaz ki, meydanda olsaydım, filan şeyi edərdim. Nə qədər şans qazansam, çalışıram ki, komandaya kömək edim, bacardığımı ortaya qoyum. Bu gün də sonda yaxşı epizod oldu, qolla nəticələnmədi. Bu bütün komandanın əziyyətidir. Yəni tək məndən asılı olan bir şey deyildi.
- Komandanın gələcəkdə əsas üzvlərindən biri olacaqsan. Azarkeşlərə nə vəd verə bilərsən? Çünki indiyə qədər ürəkaçan nəticələr olmayıb...
- Ümumiyyətlə, vəd verməyi xoşlamıram. Futbol elə oyundur ki, heç nə əvvəlcədən bəlli deyil. Mən şəxsən öz adımdan danışıram ki, əlimdən gələni edirəm və edəcəm, başqa kiminsə adından danışa bilmərəm. Öz üzərimdə çox çalışıram, fikrimi futbola yönəltmişəm. Futbol belədir ki, bəzən hər şey sənin əlində olmur. Çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq, daha yaxşı işlər görək. Amma bunu zaman və oyunlar göstərəcək.
- Doğma meydanda oynasanız da, tribunalar boş idi. Düşünmürsən ki, artıq matça 0:1 hesabı ilə geridə başlamışdınız?
- Azarkeş nə qədər çox olsa, o qədər də yaxşıdır. Bu gün də oyun elə gedirdi ki, son dəqiqələrdə hiss etdik ki, tərəfdarlara ehtiyacımız var. Rəqib üzərində təzyiq yaratmışdıq. Düşünürəm ki, fanatların sayı meydanda çox olsaydı, bir az da üstünlük yaradardıq.
- “Qarabağ”la avrokuboklarda bu stadionda oynayırdın və arena dolu olurdu. Bugünkü boşluq qəribə gəlmirdi?
- Təbii ki, elə idi. Avrokuboklarda stadion dolur, daha yaxşı atmosfer olur. Amma çempionat matçları olub ki, burda tribunaları boş görmüşük. Sadəcə yenə də dəstək olsa, yaxşı olar.
- Bəlkə, bunun üçün millinin qələbələr qazanması lazımdır...
- Əlbəttə, azarkeş sayının az olması normaldır. Düşünürəm ki, nəticələr yaxşı olanda azarkeş daha çox gəlir. Bu dünyanın hər yerində belədir. Amma yenə də bizim bir milli komandamız var, ikincisi yoxdur, ona görə də gəlməyə dəyər. Ümid edirəm ki, qarşıdakı matçlarda daha çox olar.
- “Yurqorden”də durum necədir? Tam adaptasiya olmusan?
- Yaşıdır, hər şey. Get-gedə daha çox adaptasiya oluram. Hələki tam optimal formada deyiləm. Yavaş-yavaş hər şey yaxşı olacaq. Əsas meydana çıxmaqdır ki, oynayıram. Çünki oyun təcrübəsini saxlamaq lazımdır.-
- Həmyerlilərimiz sizə dəstək olur?
- Gəlirlər, bir neçə dəfə tribunalarda bayraqlarımızı görmüşəm. Bəzən mənə müraciət edirlər, oyunlara gəlirlər. Bu da məni sevindirir.
XANOĞLAN İMANOV

