“Sabah”ın mərakeşli müdafiəçisi Sofian Çakla Sportinfo.az-a müsahibə verib.
- Yaranmış fasiləni komandanız üçün necə qiymətləndirirsən?
- Fasiləni müsbət dəyərləndirdik. Fizik hazırlığı bir qədər də artrmaq və yeni enerji toplamaq baxımından fikrimcə, faydalı oldu. Bu cür fasilə günlərində insan öz ailəsi ilə daha çox vaxt keçirir və bu da əhval-ruhiyyə baxımından bərpa olmağa da kömək edir.
- İlk dövrə arxada qaldı. Liqanın səviyyəsi səni qane edir?
- Fikrimcə, çempionatın səviyyəsi yaxşıdır. Çox rəqabətli mövsümün şahidi ouruq. Məncə, qarşıdakı turlarda bu daha da artacaq. Bu cür davam eləsə, tezliklə çempionatın səviyyəsinin bir az da artacağına inanıram.
- "Sabah"da artıq 12 oyun keçirmisən. Komandada özünü tam tapdığını demək olar?
- Komandaya tez uyğunlaşdım. Burada özümü evdəki kimi hiss edirəm. Ümid edirəm ki, qarşıdakı turlarda komandamın uğurlarına maksimum kömək edə biləcəm.
- Yayda ötən mövsüm gümüş medal qazanan kollektivə gəldin. Amma hazırkı mövsüm ilk dövrədən sonra "Sabah" 8-ci pillədə qərlaşır. Qərarına üzülmürsən?
- Burada olmaqdan şadam. Hazırkı mövqeyimizlə bağlı onu deyə bilərəm ki, bu bizim yerimiz deyil. Komandaya güvənirəm. Hazırda qərarlaşdığımız yer bizim gücümüzü əks etdirmir. Qarşıdakı turlarda bunu sübut edəcəyimizə əminəm.
- Uğursuz dönəmdən keçirsiniz. Belə məqamda baş məşqçi sizə necə kömək etməyə çalışır?
- Murad Musayev böyük məşqçidir. Hər birimiz ona inanırıq. Əminəm ki, onun da rəhbərliyi ilə bu vəziyyətdən çıxacağıq.
XANOĞLAN İMANOV

