"Azərbaycan millisinə oynamaq üçün gəlmişdim" – NARAZI MÜSAHİB

17 Oktyabr 2023 14:00 Müsahibə 2 350
"Azərbaycan millisinə oynamaq üçün gəlmişdim" – NARAZI MÜSAHİB

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını arxada qoydu.

Doğma meydanda Avstriya yığmasın qəbul edən Canni De Byazinin yetirmələri sonda 0:1 hesablı məğlubiyyətə üzülməli oldu.

Qarşılaşmadan sonra millimizin yarımmüdafiəçisi Ozan Can Kökçü Sportinfo.az-a müsahibə verib.

- Estoniya və Avstriyaya qarşı hər iki matçı necə dəyərləndirirsən?

- Məncə, Tallindəki görüş bizim üçün yaxşı keçdi. Orada qalib gəlməyi bacardıq. Avstriya millisinə qarşı oyuna yaxşı hazırlaşmışdıq, özümüzə inamımız da yaxşı idi. Əslində, oyuna baxanda, bir xala layiq olduğumuzu düşünürəm. Ancaq olmadı, böyük şansımız var idi, qol vura bilmədik. Allah qoysa, qarşıdakı matçlarda daha uğurlu olarıq.

- Özün necə, üzgünsən? Hər halda Estoniya və Avstriya ilə matçlarda meydanda olmadın...

- Təbii ki, üzülürəm. Hamı oynamaq istəyir. Niderlandda klubumda formada olduğumu düşünürəm, oynayıram, qollarımı vururam, komandamı arxamca aparıram, məğlubiyyətimiz yoxdur, üst sıralardayıq. Nəticədə bura milli komandadır, ən yaxşılar buradadır. Baş məşqçi də ona görə qərar verir, bu dəfə belə oldu, edəcək bir şey yoxdur. Baş məşqçinin verdiyi qərara hörmətlə yanaşıram.

- Canni De Byazi ilə heç danışdın ki, "yaxşı formadayam və niyə məni oynatmırsan?"

- Yox. Uzun müddət olmadığım üçün danışmaq fürsətimiz olmur. Amma özü də məni izlədiyini deyir. Köməkçilər, digər məşqçilər də Niderlandda nə etdiyimi bilirlər. Hər halda, baş məşqçi qərar verir. 25 oyunçu var, 11-i oynayır, 5-i də ehtiyatdan girə bilər meydana. Formada olduğumu düşünürəm, bura da oynamaq üçün gəlmişdim. Ancaq istənilən halda, baş məşqçinin qərarına sayğı duymaq lazımdır.

- Qarşıda millimizin iki oyunu qalıb. Nə gözləmək olar yığmadan, nəyə ümid etmək olar, neçə xal qazana bilərik?

- Neçə xal qazanacağımızı sizə deyə bilmərəm. Amma 100 faiz deyə bilərəm ki, iki matçda da ən yaxşsını etməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Xallar qazanmağa çalışacağıq.

- Avstriya ilə matçda stadion demək olar ki, boş idi. Səncə, səbəbi nədir? Təəccüblü oldu?

- Daha dolu olacağını düşünürdüm. Milli matçlarda Tofiq Bəhramov stadionunda olmamışdım. Bir neçə nəfər demişdi ki, bu stadionun tribunaları həmişə dolu olur. Azarkeşlərimizə yenə də təşəkkür etmək istəyirəm. Əllərindən gələni qədər dəstəkləməyə çalışdılar. Ancaq təbii ki, tribunalar o qədər də dolu deyildi.

- Tribunalar dolu olsaydı, nəticə başqa cür alınardı?

- Bunu sonradan demək gözəl olmazdı. Ancaq təbii ki, bəzi zamanlarda azarkeşlərlə birlikdə rəqib üzərində təzyiq qura bilirsən. Avstriya ilə matçda da azarkeşlərimizi hiss edirdik. Allah qoysa, gələn matçlarda daha çox olarlar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA