Azərbaycan U21 millisinin qolkiperi Yusif İmanov Sportinfo.az-a müsahibə verib.
Gənclər millimizin üzvü Avropa çempionatının seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib.
- Yusif, nə baş verdi ki, doğma meydanda Şimali İrlandiya yığmasına məğlub oldunuz?
- Əslində görüşə yaxşı hazırlaşmışdıq. Məhz qol buraxdığımız epizodun üzərində məşqlər etmişdik. Amma ani diqqətsizlikdən qol buraxdıq. Qələbə qazanılası oyun idi. Üstünlük də bizim tərəfdə idi. Lakin rəqib azlıqda qalandan sonra tam qapandı və bu bizə problem yaratdı.
- Buraxılan qol epizodunda adətən qapıçılar dirəyin dibini kiməsə tapşırır. Komanda yoldaşlarına belə bir tapşırığın olmuşdu?
- Bəli, bir nəfərə tapşırılmışdı. Sadəcə ani diqqətsizlik oldu.
- “Sabah”dakı komanda yoldaşın Camal Cəfərov penalı vursaydı, hər şey fərqli ola bilərdimi?
- Bu futboldu, necə olacağın demək olmur. Bəlkə də penalı vursaq ardı gələcəkdi. Hər kəs istəyər qol vursun. Amma olmayanda olmur. Camal də buna görə pis olmuşdu. Dəstək olduq, yanında olduğumuzu bildirdik. Hər kəsin başına gələ biləcək şanssız an idi.
- Rəqibin azlıqda qalması da işinizə yaramadı...
- Açığı, qırmızı vərəqədə çətin olacağı ağlımızdan keçdi. Ona kimi əks-hücumlara çıxa bilirdik, lakin ondan sonra rəqib tam qapandı. Epizodlara girmək çətinləşdi.
- Doğma meydanda oynasanız da qarşılaşmanın keçirildiyi “Azərsun Arena”da demək olar azarkeş yox idi. Bu məqam məğlubiyyətdə nə qədər rol oynadı?
- Əlbəttə, azarkeş dəstəyinin olmaması problemdir. Tribunalar boş idi. Demək olar heç kim yox idi. İstəyərdik ki, azarkeşlər bizə dəstək üçün stadiona gəlsinlər. Bu, bizə əlavə ruh yüksəkliyi gətirər.
- Bunun üçün qələbələr çatmır, yoxsa ən azı milli adına görə gəlmək vacibdir?
- Düzdür, azarkeşlərin də haqqlı səbəbləri var. Biz qələbələr qazanmaqla onları buna sövq edə bilərik. Amma istənilən halda dəstək olmaq lazımdır. Çünki bu, millidir. Biz bayrağımızı, ölkəmizi təmsil edirik.
XANOĞLAN İMANOV

