Azərbaycan U-21 millisinin üzvü Veysəl Rzayev Sportinfo.az-a müsahibə verib.
Yarımmüdafiəçi Şimali İrlandiyadan olan həmyaşıdlarına məğlubiyyətdən (0:1) və qarşıdakı Lüksemburq matçından danışıb.
- Seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyəti aldınız. Nələr deyə bilərsən?
- Evdə oynadığımız ilk oyunda qələbə qazanmaq üçün meydana çıxmışdıq. Rəqib tərəf Serbiya ilə oyunumuzu da yəqin ki, izləmişdi. Standart vəziyyətlərdə axsadığımızı bilirdilər. Bu baxımdan diqqətli olmalıydıq. Təəssüf ki, standart vəziyyətdən yenə qol buraxdıq. Üstünlük bizim tərəfdə idi. Çalışdıq geridönüş edək, amma olmadı.
- Amma bunun üçün yaxşı fürsətləriniz də oldu. Rəqib azlıqda qaldı, penalti vurmaq imkanı əldə etdiniz...
- Düzdü, rəqib azlıqda qaldı. Əslində, üstünlük idi, daha rahat meydanda ötürmələr etmək olurdu. Lakin bu məqam ziyanımıza işlədi.
- Nə mənada?
- Rəqib daha çox arxada qapanmağa başladı. Daha çox müdafiə olundular. Belədə bizim üçün vəziyyət çətinləşmiş oldu.
- Penalı dəqiq yerinə yetirə bilsəydiniz, hər şey fərqli ola bilərdimi?
- Bəli, razıyam. Həmin anda hesab bərabərləşsəydi, 100% qalib də gələ bilərdik. Çünki qol bizə əlavə motivasiya olacaqdısa, rəqib təzyiq altına düşəcəkdi.
- Belə məğlubiyyətdən sonra növbəti görüşə hazırlaşmaq çətin deyil?
- Təbii ki, məğlubiyyət ağırdır. Milli komandada xüsusilə çətindi. Kənardan danışanlar, tənqid edənlər olur. İstər-istəməz psixoloji yorğunluq yaranır. Hələ oyuna var. Çalışırıq bunu üzərimizdən ataq. Həvəsdən düşmək olmaz. Baş məşqçimiz də bu yöndə bizimlə danışıqlar aparır. 2-3 günümüz var. Daha çox çalışırıq ki, qarşıdakı matça əlavə motivasiya ilə çıxaq. Çünki qələbə qazanmalıyıq.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

