“Sumqayıt” Premyer Liqanın 9-cu turun vacib qələbə ilə başa vurdu.
“Kəpəz”i qəbul edən “Kimyaçılar” minimalhesablı qələbə ilə (1:0) 3 xalı aktivinə yazdıra bildi.
Cəza səbəbindən oyunu ehtiyat skamiyadan kənarda izləyən, mətbuat konfransına qatılmayan baş məşqçi Samir Abasov Sportinfo.az-a müsahibə verib.
- Bu qarşılaşma barədə nələr deyə bilərsiniz?
- Çox çətin qələbə oldu. Oyund da gərginlik hiss olunurdu. Açığı, oyundan öncə kənardan kimsə gəlib paltardəyişmə otağında olan situasiyanı görsəydi, deyərdi ki, bu komanda meydana çıxıb bu oyunda dağıdacaq. "Kəpəz"i aşağılamaq fikrim yoxdur. O qədər olub ki, demişəm pis oynamışıq, rəqib qələbəyə layiq idi. Amma oyundan öncə o qədər rahat idim ki... Futbolçular o qədər köklənmişdilər.
- Bəs meydanda nə baş verdi ki, çox narahat qələbə qazandınız?
- Amma meydançada sanki uşaqların çiyinlərində "mütləq udmalısan" deyə bir yük vardı. Verilən qərarlar tələskənlikdən irəli gəlirdi. Başqa vaxt futbolçularım belə ötürmələr etməzdi. Çünki neçə vaxtdı öz meydançamızda qələbə qazana bilmirdik. Düzdü, ilk hissə külək də oynamağımıza mane olurdu. Şükürlər olsun ki, sonda çox vacib qələbə qazandıq. Ona görə ki, buna ehtiyacımız var idi.
- Özünüzdə gərginlik vardı?
- Oyun keçdikcə futbolçulardan çox, gərginlik məndə idi. Bərabərlik olsa, rəqib qol vursa nə olacaq? Qazanılan 3 xalın əhəmiyyəti böyükdür.
- "Qara zolaq"dan çıxmaq üçün?
- Yox, "qara zolaq" deməzdim. Uduzduğumuz komandalardan "Zirə" liderdi, "Qarabağ" son çempion və bir də "Neftçi" var. Mövsümün əvvəli hamı analiz etsəydi hər üçün komandanı bizimlə görüşdə favorit görərdi. Bu oyun futbolçularda "qara zolaq"dan çıxmaq yox, ora düşmək qorxusu vardı. Bu gün uduzsaydıq uçurumdaydıq demək olardı. Hər şey bitməzdi, amma uçurumda olardıq. Ona görə də futbolçularımı təbrik eləmək lazımdır.
- Qələbədən sonra fasilə yerinə düşdü, yoxsa ürəyinizcə deyil?
- Çox yerinə düşdü. Uşaqlar gülə-gülə gedirlər. İki həftə yaxşı əhval-ruhiyyədə hazırlaşmaq möhtəşəmdir. Fasilə öncəsi qalibiyyət birinci növbədə məşqçiyə köməkdir.
XANOĞLAN İMANOV

