“Qarabağ”ın hücumçusu Hamidu Keyta Sportinfo.az-a müsahibə verib.
Fransalı legioner “Neftçi” üzərində əldə olunan 2:0 hesablı qələbədən sonra ortaya çıxan sualları cavablandırıb.
- Prinsipial rəqib üzərində qələbənin dadı yəqin ki, başqadır.
- Əlbəttə. Vacib qalibiyyət əldə etdiyimiz üçün hər birimiz sevincliyik. Etiraf edim ki, “Neftçi” heyətində bacarıqlı futbolçuların cəmləndiyi güclü komandadır. Bizimlə oyuna çox ciddi hazırlaşdıqları hiss olunurdu. Xüsusən aqressivliklərini qeyd etməliyəm. Məqsədimiz 3 xal qazanmaq idi ki, yekunda buna nail olduq.
- İkinci hissə ilə müqayisədə ilk yarıda çətinlik çəkirdiniz. Bu, nə ilə bağlı idi?
- “Neftçi” oyuna çox aqressiv başladı. Sərt, bəzi anlarda kobud oynayırdılar. Həm də sıx oynayırdılar. Biz ilk qolu vurandan sonra onlar “açıldılar” və bu, bizə üstünlük verdi. “Neftçi” bərabərlik qolu üçün irəli atılanda biz boş zonalar yaxalayırdıq. Digər tərəfdən, fasilədən sonra biz də aqressivliyi və sürəti artırdıq.
- Ötən mövüm “Zirə”nin heyətində “Neftçi”yə qarşı oynamışdınsa, bu dəfə “Qarabağ”ın futbolçusu kimi meydana çıxdın. Hansı komandanın heyətində daha rahat, daha sərbəstsən?
- “Neftçi” güclü rəqibdir. Ona görə də “Zirə”nin, yaxud “Qarabağ”ın heyətində çıxış etməyin ciddi fərqi yoxdur. Amma etiraf edim ki, “Neftçi” – “Qarabağ” matçı daha məsuliyyətli, daha ağır olur. Çünki derbidir, hər kəsin gözü bu oyundadır.
- Yeri gəlmişkən, “Qarabağ” sabiq komandanı “Zirə”ni taxtdan sala biləcək?
- Məqsədimiz mövsümü birinci pillədə başa vurub, çempionluq titulunu qorumaqdır. Hazırda bunun üçün mübarizə aparırıq və sona qədər də belə olacaq.
HƏBİB

