“Neftçi”nin yetirməsi Ramin Nəsirli Latviyada uğurlu legioner karyerasını davam etdirir.
Bu ilin fevralında icarə əsasında “Dauqavpils”lə 1 illik anlaşma imzalayan U-21 millimizin üzvü meydana çıxdığı 31 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə komandasının ən yaxşılarındandır.
21 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a müsahibəsində legioner həyatı, yaşadığı şəhər, oynadığı komanda və gələcəyi ilə bağlı sualları cavablandırıb.
- Qazandığınız sonuncu qələbədə verdiyin məhsuldar ötürmə ilə pay sahibi oldun. Əhvalın yüksəkdir yəqin.
- (gülür) Tək mənim yox, hamımızın üzü gülür. Turnir cədvəlində əsas rəqiblərimizdən olan rəqiblə oyunda vacib qələbə qazandıq.
- Latviyada özünü necə hiss edirsən?
- Açığı, ilk həftələrdə müəyyən qədər çətin idi. İlk dəfə ölkə xaricində oynayırdım, yerli mühitə, yerli mentalitetə uyğunlaşmalıydım. Artıq hər şey qaydasındadır. Burada çox rahatam. Rus dilini yaxşı bilməməyim çətinlik yardırdı. 6-7 ay ərzində az da olsa öyrənmişəm, müəyyən qədər başa düşürəm. Bir az da ingilis dilində bilirəm deyə problem olmur. Əsas odur məşqçilərin dediklərini anlayıram.
- Kiminlə qalırsan?
- Klub futbolçular üçün ev kirayələyib. Mən də komanda yoldaşımla bir evdə qalıram.
- Baş məşqçiniz səninlə söhbətdə ən çox hansı cəhətdə “artırmalı” olduğunu deyir?
- Əsas problem qapıya az zərbə vurmağımdır. Baş məşqçi zərbələrin sayını artırmağımı tapşırır. Bəzən də oyunu üzərimə götürməyimi tələb edir. Daha çox qol vurmağımı, ötürmə verməyimi istəyir.
- Statistikaya göz gəzdirdim, oyunların 70-75 faizində əsas heyətdə yer alsan da, 90 dəqiqə şans qazanmırsan, hər dəfə əvəzlənirsən. Bu, nə ilə bağlıdır?
- Oyundan oyuna fərq var. Hər dəfə eyni səbəbdən əvəzlənmirəm. Bəzən oyunum tam istədiyim kimi alınmır, bəzən çox güc sərf edirəm deyə 90 dəqiqə üçün güc qalmır, bəzən baş məşqçi hansısa taktiki gedişə əl atır, bəzən ayağımda ağrılar olur. Məsələn, sonuncu görüşdən əvvəl xəstələndiyimə görə iki məşqi buraxmışdım. Yalnız oyunöncəki məşqə qatılmışdım deyə ehtiyatda qalmışdım, ikinci hissədə şans qazandım.
- İcarə müqavilən bu ilin sonuna qədərdir. Gələcəklə bağlı planın nədir?
- Açığı, legioner həyatını davam etdirmək istəyirəm. Başqa ölkəni, daha yaxşı klubu arzulayıram. İlk növbədə Avropada oynamaq istəyirəm. Hələ ki bu barədə söhbətimiz olmayıb. Millinin düşərgəsindən qayıdandan sonra bu barədə danışacağıq.
- Maraqlananlar, soruşanlar var?
- Düzü, real variant yoxdur. Çempionatın sonuna yaxın variantların ola biləcəyini düşünürəm.
- “Neftçi” yə qayıdıb oynamaq şansını necə qiymətləndirirsən?
- “Neftçi” kimi komandada oynamaq hər bir futbolçunun arzusudur. Ancaq indiki vəziyyətdə bu, o qədər də real görünmür. Bugünkü “Neftçi”də çox sayda legionerlər var. Yerli futbolçular da milli üzvləridir. Ona görə də şans qazanmaq çətin görünür. Şans versələr, böyük məmnuniyyətlə dəyərləndirərəm.
- Yəqin ki, Azərbaycandakı dostların legioner həyatı yaşamaq üçün səndən soruşurlar, maraqlanırlar.
- Əlbəttə. Hər bir futbolçu daim oynamaq istəyir. Premyer Liqadakı klubların çoxu gənclərə elə də çox şans vermir. Ona görə də dostlarımın çoxu xaricə getmək istəyir.
HƏBİB

