“Kəpəz”in yarımmüdafiəçisi Elmir Tağıyev Sportinfo.az-a müsahibə verib.
O, Premyer Liqanın 8-ci turunun "Qəbələ" ilə matç (0:1) haqda fikirlərin səsləndirib.
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Amma təəssüflər olsun ki, görüş istədiyimiz kimi getmədi. İkinci yarının sonları özümüzə gəldik, lakin onda da gec oldu. Açığı, belə nəticələrdən sonra danışmaq mənə çətindir. İnşallah, növbəti oyunlar vəziyyəti xeyrimizə dəyişərik.
- Məsələn, hansı məqamlar səndə geridönüş üçün ümid verir?
- Məşqçilər heyəti və futbolçular xarakteri olan insanlardı. Yaxşı kollektiv cəm olub. İnanıram ki, "Sumqayıt"la oyundan başlayaraq yaxşı nəticələr, oyunlar bizim üçün başlayacaq.
- Yaxşı hazırlaşdığınızı dedin. Bəs meydanda nə baş verir ki, ardıcıl 4-cü ev oyununda da məğlub olursunuz?
- Bu barədə nəsə demək mənə düşməz.
- Ümumiyyətlə, futbolçu yoldaşlarınla aranızda "niyə belə olur" sualı ətrafında müzakirə aparırsınızmı?
- Əlbəttə, futbolçu yoldaşlarımla danışırıq. Ancaq biz də tam səbəb tapa bilməmişik. Əlimizdən gələni edirik ki, vəziyyəti dəyişək.
- Baş məşqçiniz Azər Məmmədov bildirdi ki, ilk dəqiqələrdən azarkeşlərin atdığı replikalar futbolçulara təsir edir. Bu barədə nələr deyə bilərsən?
- Düzdü, azarkeşlərimizi başa düşürəm. Amma xahiş edirəm ki, onlar da bizi başa düşsün. Biz də düşdüyümüz durumdan narahatıq. Belə anda dəstəklərin əsirgəməsələr daha yaxşı olar. Məsələn, hansısa epizodda topu önə ötürmək mümükün olmur və geriyə verirsən. Belə də onların sərt reaksiyası mənfi təsir edir. Bizə dəstək olmağa çağırıram. Bu, hər zaman belə olmayacaq. Səhvlərimizi biz də düzəltməyə çalışırıq.
- Cəza səbəbindən ilk dörd turu buraxmalı oldun. Tədricən əsas heyət üzvünə çevriliməkdəsən. Hazırkı formandan razısan?
- Cəzalı olduğum üçün bir neçə oyunu buraxdım. Bu, mənə çox təsir elədi. Çünki oyun praktikası çox önəmlidir. Düzdü, tam hazır deyiləm, amma yavaş-yavaş yaxşıya doğru dəyişirəm.
XANOĞLAN İMANOV

