“İkimiz də cüssəliyik, o, məndən yayınmaq istəyirdi”

4 Oktyabr 2023 16:40 Müsahibə 858
“İkimiz də cüssəliyik, o, məndən yayınmaq istəyirdi”

“Səbail”in legioneri Nir Bardea Sportinfo.az-a müsahibə verib.

İsrailli mərkəz müdafiəçisi “Sabah”la 2:2 başa çatan matç haqda bir sıra sualları cavablandırıb.

- “Sabah”la 2:2-lik bərabərlikdən sonra Şahin Diniyev kefsiz görünürdü. İndi həmin üzgünlüyü səndə müşahidə edirəm. 1 xala görə sevinmirsiniz?

- Tək bu oyuna görə yox, ümumiyyətlə, xal itirdiyimiz istənilən görüşdən sonra əhvalım yerində olmur. Məni yalnız 3 xal sevindirir. Sevindirici məqam odur ki, hesabda geri düşməyimizə baxmayaraq xarakter göstərib istəyimizə çatdıq. Hətta qələbə də qazana bilərdik. İrəliyə boylanacağıq.

- Rəqib hücumçu Emmanuel Apehlə aranda bir neçə dəfə kiçik münaqişə yaşandı. Nə baş vermişdi?

- Oyun epizodu ilə bağlı idi. İkimiz də cüssəliyik, ikili mübarizələr zamanı bir-birimizə güclü olduğumuzu göstərməyə çalışırdıq. Mən onu saxlamağa çalışırdım, o isə mən yayınıb qol vurmaq istəyirdi (gülür). Bunu oyunun bir hissəsi kimi qəbul edə bilərsiniz. Matç başa çatandan sonra bir-birimizlə əl sıxıb, uğur arzuladıq.

Azərbaycanla İsrailin yüksəl liqaları arasında nə kimi fərqlər var?

- Səviyyə baxımından bir-birinə çox yaxındırlar. Ola bilsin, İsraildə futbolçular buradakına nisbətən taktiki baxımdan ağıllı oynayırlar. Amma kəskin fərq olduğunu düşünmürəm.

- “Səbail” yaxşı mənada təəccübləndirməkdə davam edir. Hazırkı komanda performansını sona qədər saxlamaq mümkün olacaq?

- Nə demək istədiyinizi başa düşürəm. Hamı görür ki, nəticələri sərgilədiyimiz məzmunlu və mübariz oyunla əldə edirik. Meydana çıxanda yalnız və yalnız qələbə haqda düşünürük. Əlimizdən gələni edəcəyik ki, sona qədər bu cür davam edək. Hər şey öz əlimizdədir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA